​Əflatun Amaşov: "Azərbaycanda "reket jurnalist"lərin sayı azalıb"

​Əflatun Amaşov: "Azərbaycanda "reket jurnalist"lərin sayı azalıb" "Gələcəkdə atılacaq addımların sərtləşəcəyini düşünmürəm"
Media
18 Aprel , 2015 10:00
​Əflatun Amaşov: Azərbaycanda reket jurnalistlərin sayı azalıb

Bakı. 18 aprel. REPORT.AZ/ "Hazırda Azərbaycanda "reket jurnalist"lərin sayı azalıb. Əvvəllər jurnalist vəsiqəsi daşıyan insanların sayı jurnalist fəaliyyəti ilə məşğul olan insanların sayından təqribən on dəfə çox idi".

Bunu "Report"a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, əvvəlki illərə nisbətən Azərbaycanda jurnalistika inkişaf edib: "Əvvəllər bəzi insanlar şəxsi məqsədləri üçün jurnalistika ilə məşğul olurdular, qəzetlər yaradırdılar. Onların sayı indi kifayət qədər azalıb. Bu, müsbət haldır".

Onun sözlərinə görə, hazırkı dövrdə də "reket jurnalistika" ilə məşğul olanlar var və onların fəaliyyətləri mütəmadi yoxlanılır: "Jurnalistlərin Peşə Davranış Qaydalarını pozan kütləvi informasiya vasitələri Mətbuat Şurasının "qara siyahı"sına salınır. Əgər hansısa KİV bir il müddətində peşə, davranış qaydalarını pozmayıbsa, yəni, tövsiyələrə əməl edibsə, Şuraya müraciət əsasında məsələyə baxıla və onların adları siyahıdan çıxarıla bilər".

Mətbuat Şurasının qəbul etdiyi qərarların ictimai qınağa əsaslandığını deyən Ə.Amaşov qeyd edib ki, bu qərarlar çox böyük əhəmiyyətə malikdir: "Bu baxımdan, gələcəkdə atılacaq addımların sərtləşəcəyini düşünmürəm. Çünki Mətbuat Şurasının qərarları effekt verir".

Son xəbərlər

Orphus sistemi