Mətbuat Şurası "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə xəbərdarlıq edib

Mətbuat Şurası "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə xəbərdarlıq edib Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Media
17 Oktyabr , 2014 17:20
Mətbuat Şurası Azadlıq və Yeni Müsavat qəzetlərinə xəbərdarlıq edib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

"Report"un məlumatına görə, iclasda öncə Azərbaycan Milli Məclisinin deputatı İqbal Məmmədovun "dia.az" saytı ilə əlaqədar şikayəti araşdırılıb. Şikayətlər üzrə Komissiyanın iclası barədə "dia.az" saytının rəhbəri Məhəmməd Ərsoya müvafiq məlumat verilsə də, o iclasda iştirak etməyib. Şikayətçi tərəfin səlahiyyətli nümayəndəsi bildirib ki, bir müddət öncə "dia.az" saytının rəhbəri M.Ərsoy deputat İ.Məmmədovun mobil telefonuna mesaj yazaraq ondan avtomobilin təmiri üçün 2 min manat məbləğində pul istəyib. Bu istəyin yerinə yetirilməməsindən az sonra "dia.az" saytında İ.Məmmədov barədə xoşagəlməz materiallar yer almağa başlayıb. Şikayətçi tərəfin nümayəndəsi M.Ərsoyun yazdığı iddia olunan mesajı, habelə "dia.az" saytındakı materialları da sübut kimi komissiyaya təqdim edib.

Şikayətlər üzrə Komissiya müzakirələrdən sonra belə rəyə gəlib ki, məsələnin məğzində jurnalistin konkret təmənnanın ödənilmədiyi təqdirdə öz peşə səlahiyyətlərindən sui-istifadəyə yol verməsi dayanır. Belə hallar isə qələmə alınmış materialın obyektivliyinə şübhə yaradır. M.Ərsoy Şikayətlər üzrə Komissiyanın iclasına qatılmadığından cavabdeh tərəf kimi yazdığını əsaslandırmır. Belə olan halda məsələnin Şuranın "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasında araşdırılması zərurəti yaranır.

Eyni rəy "Pia.az" saytı barədə də çıxarılıb. Bu zaman sözügedən internet xəbər portalının fəaliyyəti ilə bağlı Şuraya son zamanlar daxil olmuş müraciətlərdə ifadə olunan motivlər əsas götürülüb. Şuranın "Pia.az" saytı ilə əlaqədar yekun qərarının "Reket jurnalistika"ya qarşı Mübarizə Komissiyasının rəyinə əsaslanmasının vacibliyi önə çəkilib.

İclasda müzakirə edilən sonuncu məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsinin "Azadlıq" və "Yeni Müsavat" qəzetlərində, həmçinin "Azpolitika.info" saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciəti olub. Cavabdeh tərəf qismində "Yeni Müsavat" qəzetinin hüquqşünası Vaqif Hüseynov və "Azpolitika.info" saytının rəhbəri Elnur Məhərrəmli iştirak edib. Onların hər ikisi məsələ ilə bağlı mövqelərini bildiriblər.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin müraciətində bu məhkəmə orqanının icraatında olan, Əliyev Həsən Əkbər oğlu və qeyrilərinin barəsindəki cinayət işinə dair məlumatlar üzərində dayanılıb. Mövcud xüsusda "Azadlıq" qəzetində 13 fevral 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixədək, "Azpolitika.info" saytında 12 fevral 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixədək, "Yeni Müsavat" qəzetində 19 sentyabr 2014-cü il tarixdən 9 oktyabr 2014-cü il tarixədək olan müddətdə mütəmadi şəkildə yayımlanmış materiallara diqqət yönəldilib.

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası materialları araşdıraraq belə rəyə gəlib ki, hər bir kütləvi informasiya vasitəsi istənilən mövzunu, o cümlədən məhkəmə proseslərini işıqlandırmaqda sərbəstdir.

MŞ-nin Şikayətlər üzrə Komissiyası bunu da vurğulayır ki, KİV-lərin yazdıqları ədalət mühakiməsinin, konkret olaraq məhkəmə orqanının məsələ ilə bağlı yekun qərarına təsir göstərə biləcək effekt yaratmamalıdır. Bu cəhət gözlənilmədiyi, konkret olaraq eyni bir məsələ barədə ardıcıl informasiyaların verildiyi, orada bir çox hallarda mülahizə yükü artıq olan məqamların gündəmə gətirildiyi təqdirdə cəmiyyətdə medianın ictimai missiya daşıyan orqan deyil, maraqlı tərəflərin ruporu olması görüntüsü yaranır. 

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bütün bunları nəzərə alaraq belə rəyə gəlib ki, "Azadlıq", "Yeni Müsavat" qəzetləri və "Azpolitika.info" saytı "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.10-cu bəndinin "cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır" tələbini pozub. Həmçinin bu tələbin gözlənilməməsi AJPDQ-nın "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik" adlı 1-ci prinsipinin "jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır" tələbinin pozulmasına da səbəb olub. Buna görə də "Azadlıq", "Yeni Müsavat" qəzetlərinə və "Azpolitika.info" saytına Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi