​MTRŞ: Azərbaycan ailəsi və ailədaxili münasibətləri səhnələşdirərkən ehtiyatlı olmaq vacibdir

​MTRŞ: Azərbaycan ailəsi və ailədaxili münasibətləri səhnələşdirərkən ehtiyatlı olmaq vacibdir “Yenə müəyyən xoşagəlməz məqamlar diqqəti çəkir”
Media
25 Aprel , 2016 14:44
​MTRŞ: Azərbaycan ailəsi və ailədaxili münasibətləri səhnələşdirərkən ehtiyatlı olmaq vacibdir

Bakı. 25 aprel.REPORT.AZ/ "Hazırda televiziyalarda yayımlanan yumoristik verilişlərdə əvvəlki qədər ciddi neqativ hallar olmasa da, yenə müəyyən xoşagəlməz məqamlar diqqəti çəkir".

Bunu "Report"a Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri Təvəkkül Dadaşov deyib.

Onun sözlərinə görə, əvvəllər bir sıra yumoristik layihələrdə milli-mənəvi dəyərlərə zidd hallar baş alıb gedirdi: "Səhnəciklər sətiraltı qeyri-etik, şit, bayağı və səviyyəsiz “qara yumor” əsasında hazırlanırdı. Ola bilsin ki, həmin yumoristik layihələr hansısa tamaşaçı qrupu üçün maraqlı idi. Amma Şura müəyyən qrupun zövqü naminə efirin bayağılığı ilə razılaşa bilməzdi. Bu mənada Şura rəsmi qərar şəklində olmasa da, yayımçılarla aparılan ardıcıl işin nəticəsində belə halları aradan qaldıra bildi. Hətta bəzi seriallarda da bu cür hallar var idi. Onlarla bağlı da müəyyən işlər görüldü".

Şöbə müdiri həmin verilişlərin bugünkü vəziyyətinə də toxunub: "Yaradıcılıq keyfiyyəti bir yana qalsın, bəzən veriliş hazırlamaq naminə təsadüfən kameranın hədəfi seçilən insanlar müəyyən mənada gülünc vəziyyətə salınır, onların əsəbləri ilə oynanılır. Bu hal ekran qarşısında olan tamaşaçıda da narahatlıq yarada bilər. Komediya janrında olan seriallara və sizin konkret olaraq qeyd etdiyiniz “Qardaşlar” serialına gəldikdə isə onu deyə bilərəm ki, ATV-də yayımlanan bəzi serialların əvvəllər yayımlanmış bəzi seriyalarının süjet xətti və səhnəcikləri ilə bağlı narahatlıq doğuran müəyyən məqamları kanal təmsilçiləri ilə müzakirə etmişdik. Müəyyən müsbət dəyişikliklər də müşahidə olunmuşdu. Doğrudur, hər birimiz bilirik ki, bu seriallar real hadisələrə söykənmir, uydurmadır, təxəyyülün məhsuludur. Bununla belə, Azərbaycan ailəsi və ailədaxili münasibətləri səhnələşdirərkən ehtiyatlı olmaq vacibdir. Reallıqda belə ailələr də ola bilər. Amma yenə də Azərbaycan xalqının adət-ənənələrinə zidd olmayan məzmun və formada, tamaşaçıların zövqünü oxşayacaq səviyyəli yumor əsasında efir materialları - seriallar hazırlanmasına diqqət edilməlidir".  

Son xəbərlər

Orphus sistemi