Moskvada Leyla Əliyevanın iştirakı ilə tanınmış jurnalist Mixail Qusmanın kitabının təqdimat mərasimi keçirilib

Moskvada Leyla Əliyevanın iştirakı ilə tanınmış jurnalist Mixail Qusmanın kitabının təqdimat mərasimi keçirilib “Formula vlasti...və daha 65 müsahibə” Prezident İlham Əliyevlə müsahibə də dərc edilib
Media
11 Aprel , 2015 12:35
Moskvada Leyla Əliyevanın iştirakı ilə tanınmış jurnalist Mixail Qusmanın kitabının təqdimat mərasimi keçirilib

Bakı. 11 aprel. REPORT.AZ/ Moskvada "TASS" agentliyinin baş direktorunun birinci müavini, tanınmış jurnalist Mixail Qusmanın “Formula vlasti...və daha 65 müsahibə” kitabının 3-cü cildinin təqdimat mərasimi keçirilib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, kitabda Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə də dərc edilib.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiya Prezidentinin köməkçisi İqor Levitin, Moskva Dövlət Beynəxlaq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və bu ölkədə akkreditə olunmuş digər səfirlər, habelə siyasətçilər, deputatlar iştirak ediblər.

Mərasimdə çıxış edən Sergey Lavrov bildirib ki, “Formula vlasti” layihəsi Rusiyanın həqiqi mövqeyini, bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq etdiyini açıb göstərməyə kömək edir. Nazir bu ilin payızında “Formula vlasti” layihəsinin işıq üzü görməsindən 15 il keçdiyini xatırladaraq deyib: “Dünyada elə ölkələr var ki, orada bu layihə baş tutmayıb. Bu, BMT üzvü olan 20-dən çox ölkədir. Əgər hesab etsək ki, BMT üzvü olmayan ölkələr də var, onda əminəm ki, “Formula vlasti”nin dorduncü cildini də hazırlamaq olar”.

"TASS" agentliyinin baş direktoru Sergey Mixaylov isə çıxışında bu layihənin agentlik üçün çox önəmli olduğunu vurğulayıb: “Formula vlasti” layihəsi yer kürəsinin bütün oval, kvadrat, kubik və digər kabinetlərini TASS üçün açır ki, daha sonra oradan məlumat alsın və TASS xəbər yayımlamaqda birinci olsun”.

Daha sonra MQİMO-nun rektoru Anatoli Torkunov, ABŞ-ın səfiri Con Teft, Almaniyanın səfiri Ryudiger Fon Friç çıxış ediblər.

“XXI əsrdə öz yerini tutmuş lider elə də çox deyil, lakin onların arxasında böyük və ya kiçik ölkə, onun təkrarolunmaz xalqı dayanır. Mənim üçün başlıcası budur ki, bütün bu insanlar Rusiyaya hörmət və rəğbət ifadə ediblər. Ölkəmizin ünvanına xoş və hərarətli sözlər səsləndiriblər. Yəqin ki, bu, bizim işimizin ən vacib yekunudur”, - Mixail Qusman qeyd edib.

“Formula vlasti” kitabının üçüncü cildinə dünya liderləri ilə 65 müsahibə daxil edilib. Mixail Qusman həmin müsahibələri 2010-2014-cü illər ərzində yazıb. Üçüncü cilddə Azərbaycan Prezidenti İlham Əliyev, BMT-nin baş katibi Pan Gi Mun, Yaponiyanın Baş naziri Sindzo Abe, Braziliya Prezidenti Dilma Roussef, Danimarka Kralı II Marqret və digər dövlət başçıları ilə müsahibələr dərc olunub.

“Formula vlasti...daha 65 müsahibə” kitabının Prezident İlham Əliyevlə müsahibənin təqdimatında müəllif yazır ki, Azərbaycan müsəlman Şərqində parlament yaradan və qadınlara səsvermə hüququ verən ilk demokratik respublikadır. Kitabın həmin hissəsində Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığı, ölkədə yüzminlərlə iş yerin açıldığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi