Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında 2 KİV barədə məsələyə baxılacaq
Media
12 Fevral , 2016 17:57
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Şuranın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 3 kütləvi informasiya vasitəsi barədə müraciətləri araşdırıblar.

Öncə "Medaz.az" saytı ilə bağlı iki şikayətə baxılıb. Komissiya həm 48 saylı Notiriat Kontorunun, həm də Bakı şəhər 223 saylı körpələr evi - uşaq baxçasının narazılığını doğuran yazıların "reket jurnalistika"ya xas tərzdə təqdim olunduğu qənaətinə gəlib. Belə ki, hər iki mətbu materialda kifayət qədər ciddi ittihamlar yer almasına baxmayaraq sayt bunların nə dərəcədə həqiqətə uyğunluğunu təsdiqləyə biləcək sənədlərə, dəlil-sübutlara istinad etməyib. Əksinə qüsurlu materialları müvafiq qurumlara ünvanlamaqla onların təhdidlərə məruz qalmasına cəhdlər göstərib.

İclasda bütün bunlar əsas götürülərək məsələnin MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiasınında da araşdırılması məqsədə müvafiq sayılıb. Bu komissiyanın təqdimatında "Medaz.az" saytının adının Mətbuat Şurasının "qara siyahı"sına salınması üçün hansı əsasların olduğuna aydınlıq gətiriləcək.

Şikayətlər üzrə Komissiya "Korrupsiya və cəmiyyət+" qəzeti barədə də eyni rəyi çıxarıb. MŞ-yə daxil olan müraciətdə mətbu nəşr rəhbərliyinin jurnalist fəaliyyətinə kölgə salan işlə - diplom satışı ilə məşğul olduğu göstərilsə də o, müzakirəyə qatılmayıb. Buna görə məsələnin araşdırılması şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

Gəncə Dəmiryolu Vağzalının "Xeberinfo.com" saytı barədə müraciətinin müzakirəsində bu KİV-ə qarşı tərəfin mövqeyinin təqdimatı tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi