Mətbuat Şurasına üzvlük qaydaları dəyişdiriləcək

Mətbuat Şurasına üzvlük qaydaları dəyişdiriləcək MŞ İdarə Heyətinin cari il üçün ilk iclası keçirilib
Media
16 Yanvar , 2015 17:20
Mətbuat Şurasına üzvlük qaydaları dəyişdiriləcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının iclası keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib.

MŞ sədri Əflatun Amaşov iclasın gündəliyini elan edib. Öncə MŞ-nin keçən il üçün hesabatı ətrafında müzakirə aparılıb. Hesabatda nəzərdə tutulan məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ötən il Şuranın fəaliyyətindəki başlıca xətt quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı, MŞ birgə müsabiqələrin, kitab təqdimatlarının, yubiley mərasimlərinin, müxtəlif tematik toplantıların, milli mətbuatın inkişafında, ictimai fikir tariximizdə rolu olan görkəmli şəxsiyyətlərin yaradıcılıq yolundan bəhs edən sənədli filmlərin çəkilişini, bir sıra beynəlxalq konfranslar reallaşdırıb. Eyni zamanda, qurum dövlət fərmanı və sərəncamlarından, proqramlarından irəli gələn işləri gerçəkləşdirib, ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində yaxından iştirak edib, kütləvi aksiyalarda və 23 dekabr bələdiyyə seçkisində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Şura üzvləri ölkəmizdən kənarda baş tutmuş beynəlxalq konfranslara qatılıblar. 

Bu və digər məsələlərdəki konkret statistikanı açıqlayan Ə.Amaşov hesabatın ictimaiyyətə çatdırılması üçün yaxın günlərdə ayrıca toplantının keçiriləcəyini vurğulayıb.

Hesabatın müzakirəsi zamanı MŞ İdarə Heyətinin üzvlərindən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sənəddə yer alan məqamlarla bağlı fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ MŞ-yə üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə. Amaşov bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu Şuranın Nizamnamə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır. MŞ-nın İdarə Heyətinin üzvlərindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yeni hazırlanmış qaydalarla bağlı təkliflərini bildiriblər. Müzakirələrdən sonra sənəd əsas kimi qəbul edilib.

İclasda müzakirə edilən növbəti məsələ MŞ-nin cari il üçün iş planı olub. MŞ üzvləri - B.Sadıqov, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Day.az media şirkətinin direktor müavini Sevda Həmidova keçən il üçün hesabatdan irəli gələn məqamların iş planında nəzərə alınmasının vacibliyini vurğulayıblar. Bu baxımdan Şuranın bir sıra tematik tədbirlər təşkil etməsinin zəruriliyi əsaslandırılıb. Habelə 2015-ci ildə Azərbaycan milli mətbuatının 140 illiyinin keçirilməsi ilə bağlı silsilə tədbirlərin təşkili üzərində də dayanılıb. Bu və digər təkliflər də nəzərə alınmaqla iş planı məqbul qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi