​Mətbuat Şurası mediaya növbəti dəfə müraciət edib

​Mətbuat Şurası mediaya növbəti dəfə müraciət edib "Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa və düşmənin təxribatlarına uymamağa çağırırıq"
Media
2 Aprel , 2016 16:16
​Mətbuat Şurası mediaya növbəti dəfə müraciət edib

Bakı. 2 aprel. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası cəbhədəki vəziyyətin işıqlandırılması ilə bağlı növbəti dəfə bəyanatla çıxış edib. Şuradan "Report"a daxil olan bəyanatda bildirilir ki, müxtəlif kütləvi informasiya vasitələri, sosial şəbəkə profilləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejiminin pozulması və döyüşlərin getdiyinə dair məlumatlar yayımlamaqdadır: 

"Azərbaycan Mətbuat Şurasının müşahidələri göstərir ki, bu mövzu barədə məlumatlar əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yayılmış informasiyalardan, müəyyən qismi isə KİV-lərin təhlillərindən, ayrı-ayrı şəxslərin cəbhəyanı bölgələrdə yaşayan yaxınlarından əldə etdikləri bilgilərdən, habelə xarici media orqanlarında yer almış xəbərlərdən ibarətdir. Sosial şəbəkələrdə guya cəbhəyanı bölgədə əhalinin yaşayış məntəqələrini tərk etdiyi və “panik” əhval-ruhiyyənin hökm sürdüyü barədə yanlış, heç bir əsası olmayan, dezinformasiya xarakterli məlumatlar yerləşdirilir. Təcrübəyə istinadən demək olar ki, Azərbaycan əhalisi arasında təşviş yaratmaq üçün bu tipli dezinformasiyalar əsasən düşmən qüvvələr tərəfindən təşkil olunur".

Bəyanatda qeyd olunur ki, Mətbuat Şurası cəbhə xəttində ötən illərdə baş vermiş analoji hadisələrin, xüsusən də atəşkəs rejiminin kütləvi pozulması hallarının mediada doğurduğu effekti, bu sahədəki mənfi təmayüllərin qeydə alınması hallarını nəzərə alaraq, Azərbaycanın kütləvi informasiya vasitələrinin təmsilçilərini diqqətli olmağa və düşmənin təxribatlarına uymamağa çağırır: 

"Şura hesab edir ki, bu kimi vəziyyətlərdə medianın vətəndaş mövqeyinə, milli maraqlara söykənən həssaslığı onun ən böyük peşəkarlıq göstəricisidir. Bu peşəkarlığın nümayişi isə ilk növbədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və digər rəsmi mənbələrin məlumatlarına istinaddan, eyni zamanda əldə edilmiş məlumatların mütləq rəsmi təsdiqlənməsindən keçir. O da nəzərə alınmalıdır ki, pozitiv və neqativ məzmunundan asılı olmayaraq düşmən qüvvələr ümumən Azərbaycanın milli maraqlarına uyğun olmayan, beynəlxalq imicinə ləkə gətirən xəbərləri də dövriyyəyə buraxırlar.

Bütün bunlara görə Azərbaycan Mətbuat Şurası bir daha ölkəmizin bütün kütləvi informasiya vasitələrini, ayrı-ayrı jurnalistləri, həmçinin sosial şəbəkə fəallarını cəbhə xəttində baş verənlərlə bağlı məlumatların təqdimatına həssas yanaşmağa, ciddi şəkildə dəqiqləşdirmələr aparmağa çağırır. Qurum, eyni zamanda, əlaqədar dövlət orqanlarına hazırkı vəziyyətlə bağlı daha çevik fəaliyyət göstərməyi, cəmiyyətin informasiya tələbatını vaxtında ödəmək üçün bütün mümkün vasitələri dəyərləndirməyi tövsiyə edir". 

Son xəbərlər

Orphus sistemi