​Mətbuat Şurası jurnalistin vəfatı ilə əlaqədar nekroloq yayıb

​Mətbuat Şurası jurnalistin vəfatı ilə əlaqədar nekroloq yayıb "Müharibə və əmək veteranı Kazım Hacı oğlu Ələkbərovun unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq"
Media
10 Fevral , 2015 11:56
​Mətbuat Şurası jurnalistin vəfatı ilə əlaqədar nekroloq yayıb

Bakı. 10 fevral. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası jurnalist Kazım Hacı oğlu Ələkbərovun vəfatı ilə əlaqədar nekroloq yayıb.

"Report"un məlumatına görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasına ağır itki üz verib. Ömrünün 60 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr etmiş, əməkdar jurnalist, II Dünya müharibəsinin veteranı Kazım Hacı oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 91 yaşında vəfat edib.

Uşaqlığı Bakıda repressiya olunan ailədə, ağır mənəvi-fiziki çətinliklər şəraitində keçən gələcəyin jurnalisti bütün bunlara baxmayaraq həyatın işıqlı cəhətlərindən güc alaraq, milli və ictimai dəyərlərə rəğbət ruhunda böyüyüb, dövrünün təhsil və tərbiyə imkanlarından bacarıqla bəhrələnib. Orta məktəb partasından dünya savaşı cəbhəsinə yollanan Kazım Ələkbərovun döyüş yolu Böyük Vətən müharibənin başlanğıcından qələbəyədək davam edib, doğma Bakıya sinəsi orden-medallarla qayıdıb. O, jurnalistik fəaliyyətinə də əynində əsgər şineli ilə başlayıb

Kazım Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində (indiki AzərTAc ), “Kommunist” (indiki “Xalq qəzeti”), “Bakı”-“Baku” qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələrdə işləyib. Peşəkar jurnalistikamızın formalaşmasında və inkişafında, gənc jurnalistlər nəslinin yetişməsində layiqli xidmətləri olan Kazım Ələkbərov əmək fəaliyyətinin son illərində paytaxtın idarəetmə sistemində çalışıb, dövlət idarələrində ana dilinin tətbiqi işinə yaxından kömək göstərib.

Təcrübəli və nüfuzlu jurnalistin mərkəzi məbuatda aktual mövzularda, müxtəlif janrlı yüzlərlə yazısı dərc olunub. Uzun illər Kazım Ələkbərov elm, təhsil, tərbiyə mövzusunda yazan ən yaxşı qələm sahiblərindən biri olunub. Obyektivliyi, prinsipiallığı, məsuliyyəti, aşkarlığı, nəzakəti həmişə peşə davranışı norması kimi qəbul edən Kazım Ələkbərov ömrü boyu jurnalist üçün vacib olan bu prinsiplərə sadıq qalıb, paklığı və təmənnasızlığı ilə seçilib.

Təqaüdə çıxandan sonra da Kazım Ələkbərov jurnalistika aləmindən uzaq düşməyib, bir-birinin ardnca 6 kitab ( “Mən necə jurnalist oldum”, “Jurnalist ömrünün akkordları”, “İki cəbhə əsgərinin xatirələri”, “Yazmışam ki, izim qala”, “Xeyirxahlarım”, “Şirin- acı xatirələr”) yazıb. Bu nəşrlərdə milli jurnalistikamızın müharibədən sonrakı mərhələsinin peşəkarlıq xüsusiyyətləri, tanınmış nümayəndələri, yaddaqalan hadisələri, milli maraqlarımız uğrunda mübarizəsi geniş əksini tapıb. Kazım müəllim bir vaxtlar çalışdığı jurnalist kollektivləri ilə əlaqəsini kəsməyib, vaxtaşırı gənc jurnalistlərə tövsiyyələrini çatdırıb, ölkədə gedən media proseslərinə faydalı mülahizələri ilə xeyirxah köməyini göstərib.

Kazım Ələkbərovun milli jurnalistikamızın inkişafında xidmətləri layiqincə qiymətləndirilib. O, Əməkdar jurnalist fəxri adına və dövrünün nüfuzlu yaradıcılıq mükafatı olan “Qızıl qələm”ə və Azərbaycan Mətbuat Şurasının xüsusi diplomuna layiq görülüb.

Peşəkar jurnalist, gözəl insan, müharibə və əmək veteranı Kazım Hacı oğlu Ələkbərovun unudulmaz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq".

Son xəbərlər

Orphus sistemi