Bakı. 1 aprel. REPORT.AZ/ Aprelin 2-dən 5-dək Mətbuat Şurasının dəvəti ilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycanda səfərdə olacaqlar. Bu barədə "Report"a Şuradan məlumat verilib.
Türkiyənin "Sabah", "Posta", "Hürriyet" qəzetlərinin, Fox, NTV, ATV, "Kanal A", "CNN Türk" və digər telekanallarının, həmçinin "Anadolu" agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim başçılıq edəcək.
Səfərdə məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.
MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən, qonaqlar Azərbaycan Prezident Administrasiyasında, Milli Məclisində, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, "ADA" Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşlər keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.