Azərbaycan və İran jurnalistləri arasında futbol matçı keçiriləcək

Azərbaycan və İran jurnalistləri arasında futbol matçı keçiriləcək İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Mətbuat Şurasında olub
Media
4 Avqust , 2016 14:26
Azərbaycan və İran jurnalistləri arasında futbol matçı keçiriləcək

Bakı. 4 avqust. REPORT.AZ/ İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında(MŞ)  olub. 

Şuradan "Report"a verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov qonağı salamlayaraq bildirib ki, tarixən qonşu olan hər iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb. Dövlət rəhbələrinin qarşılıqlı səfərlərində, eləcə də nazirliklər, digər rəsmi qurumlar səviyyəsindəki görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb.

Ə.Amaşov bütün bunların böyük əhəmiyyət daşıdığına diqqəti çəkərək vurğulayıb ki, istər əməkdaşlığın möhkəmləndirilməsində, istərsə də görülən işlər barədə ölkələrin xalqlarında ictimai təsəvvürlərin formalaşmasında media, jurnalistlər aparıcı qüvvə olaraq qalır. Səfirlik rəsmisi ilə görüşdən də məqsəd bu günədək həmin sahədəki vəziyyətə təhlili nəzər salmaq, daha da inkişafına xidmət edəcək tədbirləri və onların reallaşdırılması yollarını müəyyənləşdirməkdir. Şura sədri "Azərbaycan Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2016-2018-ci illər üçün mədəniyyət, incəsənət və turizm üzrə Mübadilə Proqramı" layihəsinin də bu işlərin əlaqələndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Eyni zamanda Xəzəryanı ölkələrin media qurumlarının bir araya gətirilməsində Azərbaycan və İran jurnalistlərinin fəal rol oynama imkanlarından danışıb.

M.Nəcəfli MŞ sədrinin təşəbbüsünü dəstələyərək bildirib ki, bu işə elə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun yaradılmasından başlamaq, sonra digər Xəzəryanı ölkələrin də media təmsilçilərini bir araya gətirmək effektiv olardı. O, hər iki ölkənin jurnalistləri arasında qarşılıqlı səfərlərin mövcudluğunu əsas götürərək əlaqələrin inkişafına yönələn bir sıra təkliflərini səsləndirib.

Tərəflər razılığa gəliblər ki, belə səfərlərin davamı jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığından davam etdirilməlidir. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədə müvafiq sayılıb.  

Son xəbərlər

Orphus sistemi