Azərbaycan Mətbuat Şurası 2 KİV-i "qara siyahı"ya salıb, 1 qəzetə xəbərdarlıq edib

Azərbaycan Mətbuat Şurası 2 KİV-i "qara siyahı"ya salıb, 1 qəzetə xəbərdarlıq edib ​Mətbuat Şurasının İdarə Heyətinin 2016-cı ildə ilk iclası keçirilib
Media
29 Yanvar , 2016 19:02
Azərbaycan Mətbuat Şurası 2 KİV-i qara siyahıya salıb, 1 qəzetə xəbərdarlıq edib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycan Mətbuat Şurasının 2016-cı ildə ilk iclası keçirilib. İclasda ilk olaraq Şuranın 2016-cı il üçün iş planı müzakirə olunub. Plan yekdilliklə qəbul edilib.

Daha sonra MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun Şuranın 2015-ci ildə gördüyü işlərə dair hesabatı dinlənilib.

Ə.Amaşov bildirib ki, ötən il rəhbərlik etdiyi qurumun fəaliyyətində iki başlıca xətt olub. Bunlardan birincisi şikayətlərin araşdırılmasıdır ki, bu da ümumi işlərin 54,1 faizini əhatə edib: "Görülən işlərin 45,9 faizi müxtəlif istiqamətləri əhatə edən fəaliyyətdir. Bu baxımdan dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 5 tədbiri, jurnalistika və ictimai fikir tariximizlə bağlı 7 kitabın təqdimatını, KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə əlaqədar 6 toplantını, 6 ahıl jurnalistin evində ziyarət olunmasını, 8 xarici qonağın qəbulunu, 4 xarici səfəri, 2 birgə müsabiqəni, “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən 2 sənədli filmin çəkilişini, media-məmur dialoqu çərçivəsində 1 görüşü, küçə aksiyalarındakı monitorinqləri, 3 bəyanatı, habelə 8 tematik tədbiri göstərmək mümkündür".

Ə.Amaşov məlumat verib ki, 2015-ci ildə Şuraya ümumilikdə 659 müraciət daxil olub: "Onlardan 310-u bilavasitə KİV-lərdə gedən materiallardan şikayətdir. 349 müraciət müxtəlif təklif və tədbirlərlə, o cümlədən cari məsələlərlə bağlı olub. 310 şikayətin 84-ü ayrı-ayrı vətəndaşlardan, 75-i dövlət idarə, müəssisə və təşkilatlarından, 69-u özəl müəssisələrdən, 44-ü özünüidarəetmə orqanlarından, 28-i ictimai qurumlardan, 10-u siyasi partiyalardandır. Şikayətlərin 48,3 faizində qəzetlərin, 38,8 faizində internet saytların, 8,9 faizində informasiya agentliklərinin, 4 faizində isə jurnalların fəaliyyətindən narazılıq ifadə olunub. Narazılıqların 34,3 faizi şərəf və ləyaqətin təhqiri, 30,1 faizi işgüzar nüfuzun ləkələnməsi, 27,4 faizi qarşı tərəfin mövqeyinin işıqlandırılmaması, 3,1 faizi plagiat ilə bağlıdır. Narazılıqların 5,1 faizində motivlər müxtəlifdir. MŞ Katibliyi prosedur qaydalara uyğun olaraq şikayətlərlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 310 şikayətdən 181-i həllini tapıb. Şikayətlərin 129-u komissiyalarda araşdırılıb. Bunlardan 87-nə Şikayətlər üzrə Komissiyada, 42-nə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyada baxılıb. Şikayətlər üzrə Komissiyada baxılan 87 məsələdən 54-ü komissiya səviyyəsində həllini tapıb. Digər 33 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 42 şikayətdən 14-ü barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. Şuranın İdarə Heyəti 2015-ci ildə ümumilikdə 31 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 33 rəyindən 26-ı, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 15 təqdimatından 4-ü əsas götürülüb. Mətbuat Şurasının qərarlarının 28,1 faizi təkzib verilməsini, 27,9 faizi qarşı tərəfin mövqeyinin işıqlandırılmasını, 25 faizi təkzib və üzr istənilməsini, 13 faizi cavabdeh KİV-ə xəbərdarlıq olunmasını, 6 faizi isə cavabdeh media orqanının adının “qara siyahı”ya salınmasını nəzərdə tutub. İl ərzində şikayətlərin araşdırılması Şuranın İdarə Heyətinin 12, Şikayətlər üzrə Komissiyanın 14, “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 4 iclasında həyata keçirilib".

Ə.Amaşov həmçinin qeyd edib ki, Mətbuat Şurası 2015-cü ilin iyul-noyabr ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə “Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək” layihəsini icra edib: "Layihə çərçivəsində Lənkəran və Quba şəhərlərində, o cümlədən Bakıda “Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər” mövzusunda “dəyirmi masa”lar keçirilib. “Dəyirmi masa”larda bölgələrdə fəaliyyət göstərən KİV-lərin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, dilçi alimlərin, mərkəzi əhəmiyyətli media orqanları rəhbərlərinin iştirakı təmin olunub. Bundan başqa MŞ noyabrın 1-də keçirilmiş parlament seçkisində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb. Bu məqsədlə Şuranın İdarə Heyətinin üzvləri paytaxtda və ölkəmizin müxtəlif bölgələrindəki seçki məntəqələrində peşə vəzifəsini yerinə yetirən jurnalistlərə yaradılmış şəraitlə tanış olublar. Monitorinq 125 seçki dairəsinin mütləq əksəriyyətini əhatə edib. Şuranı İdarə Heyətinin üzvləri həmçinin müşahidəçi qismində də seçkinin gedişini izləyiblər. Bundan başqa Mətbuat Şurasının öncədən müəyyənləşdirilmiş telefon nömrələri noyabrın 1-də "qaynar xətt" rejimində fəaliyyət göstərib. Mətbuat Şurası 2015-ci ilin fevral ayında Azərbaycan Respublikasının Neft Şirkəti ilə birgə “Gənc jurnalistlərin SOCAR qış məktəbi” layihəsini icra edib. Layihə çərçivəsində ölkənin aparıcı kütləvi informasiya vasitələrində çalışan, yaşı 30-a qədər olan 40-dək jurnalist müəyyənləşdirilib. 10 gün müddətində onlara Azərbaycanın neft sanayesinin xüsusiyyətləri barədə geniş məlumatlar verilib, müxtəlif praktik məşğələlər və ekskursiyalar təşkil edilib. Mətbuat Şurası 2015-ci ildə özünün Ali Media Mükafatını təqdim edib. Hər il ənənəvi olaraq 22 iyul milli mətbuat günündə təqdim olunan mükafat üzrə 8 laureat müəyyənləşdirilib. 2015-ci ilin fevralında Azərbaycan Mətbuat Şurasının Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan nümayəndəliyi ilə birgə reallaşdırdığı Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı (TAMEP) çərçivəsindəki 2014-2015-ci tədris ilində ali məktəblərin jurnalistika fakultələrinə qəbulda ən yüksək nəticə göstərmiş on tələbənin Türkiyəyə səfəri gerçəkləşdirilib. Səfər qardaş ölkənin media təcrübəsi ilə tanışlıq məqsədi daşıyıb. Mətbuat Şurası 2015-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə jurnalistlər üçün yaradıcılıq müsabiqələri təşkil edib. Müsabiqələrdə ümumilikdə 30-dan artıq jurnalist mükafatlandırılıb. Mətbuat Şurası 2015-ci ildə ali məktəblərin jurnalistika fakultələrinin abituriyent və magistr pilləsinə qəbul zamanı keçirilən qabiliyyət imtahanlarının təşkilində də iştirak edib. Şuranın müəyyənləşdirdiyi nümayəndələr Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qabiliyyət imtahanı komissiyasında təmsil olunublar".

Sonda MŞ sədrinin hesabatı səsə qoyulub və yekdilliklə bəyənilib.

İclasda daha sonra Mətbuat Şurasının Şikayətlər üzrə və “Reket jurnalistika”ya qarşı mübarizə komissiyalarının rəyləri əsasında qərarlar qəbul edilib. Müzakirələrdən sonra "Qərb xəbərləri" və "Xalq tribunası" qəzetlərinin adlarının MŞ-nin "qara siyahı"sına daxil edilməsi barədə qərar çıxarılıb. Bundan başqa "Bələdiyyə birliyi" qəzetinə xəbərdarlıq olunması ilə bağlı da qərar qəbul edilib. İclasda həmçinin "Milli.az" internet portalı, "dia.az", "regionxeber.tv" saytı barədə də rəylər çıxarılıb.

İclasda KİV-lərin ölkədəki iqtisadi durumla bağlı vəziyyəti də müzakirə edilib. Bildirilib ki, qəzet kağızı 100 faizdən, xaricdən gətirilən hazır çap məhsulları isə 50 faizdən çox bahalaşıb. Üstəlik ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə 2005-ci ildə ləğv edilmiş əlavə dəyər vergisinin tətbiqinə başlanılması vəziyyəti bir qədər də çətinləşdirib. İH üzvləri mövcud durumdan çıxış yolu kimi göstərilən məsələlərlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanmasını məqbul sayıblar.

İclasda həmçinin internet media orqanlarının maliyyələşməsi ilə bağlı prinsiplər ətrafında da fikir mübadiləsi aparılıb. Bununla bağlı Ə.Amaşov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibətilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə bu istiqamətdə müzakirələr gedib. Həmin vaxt dövlət başçısının məsələyə münasibəti, dəyərləndirməsi olub. Buna görə də ictimai rəyə təsirinin dövlətin və cəmiyyətin mənafeləri ilə uzlaşdırılması, səmərəli məcraya salınması, həmçinin ölkəmizin dünyada daha sistemli şəkildə təbliği üçün onlayn media vasitələrinə də dövlət dəstəyi şamil edilə bilər. İclasda məsələ ilə əlaqədar kriteriyaların dəqiqləşdirilməsinin, yekun təkliflərin ölkə rəhbərliyinə təqdim edilməsinin zəruriliyi önə çəkilib.

Cari məsələlərin müzakirəsində əsasən ali məktəblərin jurnalistika fakultələrinə qəbulda qabiliyyət imtahanının keçirilməsi forması barədə müzakirələr getdi. Bildirilib ki, 2014-cü ildən başlayaraq bu mexanizm tətbiq edilir. Lakin onun təkmilləşməsinə ciddi ehtiyac var. Belə ki qabiliyyət imtahanı zamanı abituriyentlərin jurnalistikaya marağı əsas prinsip kimi götürülməlidir. Qiymətləndirmə də daha çox jurnalistika prinsiplərinə əsaslanaraq aparılmalıdır. Bu baxımdan yeni kriteriyaların müəyyənləşməsi üçün təkliflərin hazırlanması məqsədəuyğun sayılıb. 

Son xəbərlər

Orphus sistemi