Azərbaycanda yeni yaradılan radionun adı açıqlanıb - FOTO

Azərbaycanda yeni yaradılan radionun adı açıqlanıb - FOTO Şöbə müdiri: "Radionun ilkin mərhələdə Bakı və Abşeron yarımadasında yayımlanması nəzərdə tutulub"
Media
9 Sentyabr , 2015 12:32
Azərbaycanda yeni yaradılan radionun adı açıqlanıb - FOTO

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda yeni yaradılan radionun adı açıqlanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov "Report"a bildirib ki, qurumun nəznində yaradılan radio "Asan radio" adlanacaq. 

Onun sözlərinə görə, "Asan radio"nun ilin sonuna kimi efirə çıxması nəzərdə tutulub: "Radionun fəaliyyəti üçün artıq lisenziya əldə edilib. Radionun ofislə və lazimı infrastrukturla təmin olunması, texniki avadanlıqla təchiz edilməsi ilə bağlı lazimı addımlar atılıb". 

A.Hüseynov qeyd edib ki, hazırda radionun kollektivinin formalaşdırılması, əməkdaşların işə cəlb olunması istiqamətində işlər görülür: "Bu məsələlərlə bağlı ilkin işçi siyahılar hazırlanıb və üzərində işlənilir". 

Radionun baş redkatorunun kim olacağına gəlincə, A.Hüseynov qeyd edib ki, bununla bağlı hələlik qərar verilməyib. 

O bildirib ki, "Asan radio" "ASAN xidmət"-in nəzdində ayrıca struktur kimi fəaliyyət göstərəcək: "Radio ilkin mərhələdə Bakı və Abşeron yarımadasında yayımlanması nəzərdə tutulub. Radio Azərbaycan dilində efirə çıxacaq. Amma müəyyən xəbərlər, məlumatlar bir neçə dəqiqəlik rus və ingilis dillərində də veriləcək. Milli Televiziya və Radio Şurası buna razılıq verib və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin buna səlahiyəyti var".

Şöbə müdirinin sözlərinə görə, radionun yaranmasında məqsəd daha geniş auiditoriyaya çıxmaqdır. Onun fikrincə, dövlət xidmətləri sahəsində ixtisaslaşmış bir radionun yaradılması insanların düzgün, operativ məlumatlandırılmasına, dövlət strukturlarının etibarının gücləndirilməsinə imkan verəcək: "Məqsəd insanları düzgün və operativ məlumatlandırmaq, daha geniş auditoriyaya çıxış imkanı əldə etməkdir" 

Qeyd edək ki, sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının iclasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilib.

Son xəbərlər

Orphus sistemi