V Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlanıb

V Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlanıb Forum çərçivəsində 6 "dəyirmi masa" keçiriləcək
Mədəniyyət siyasəti
21 Sentyabr , 2016 14:00
V Bakı Beynəlxalq Humanitar Forumunun proqramı açıqlanıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ V Bakı Beynəlxalq Humanitar Forumu bu il sentyabrın 29-30-da keçiriləcək. 

"Report" xəbər verir ki, tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən siyasi, elmi və mədəniyyət elitasının görkəmli nümayəndələrinin iştirakı ilə 6 "dəyirmi masa" keçiriləcək.

İştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru"; "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi"; "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu"; "Davamlı inkişaf və ekoloji sivilizasiya"; "Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadrlar hazırlığı məsələləri: innovativ və etik problemlər"; "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları"  mövzularında fikir mübadiləsi aparacaq.

Bakı Beynəlxalq Humanitar Forumu – bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir.

Qeyd edək ki, 2010-cu ildən keçirilən forumun təşəbbüsçüləri Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının o zamankı prezidenti Dmitri Medvedev olub.

Son xəbərlər

Orphus sistemi