Seulda Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı keçiriləcək

Seulda Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı keçiriləcək Tədbir noyabrın 8-13-də baş tutacaq
Mədəniyyət siyasəti
22 Sentyabr , 2016 12:32
Seulda Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Noyabr 8-13-də Seul şəhərində Türkdilli Dövlətlərin Mədəniyyət Festivalı keçiriləcək. Tədbir Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin təşəbbüsü və Koreya Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. 

Bu barədə "Report"a Azərbaycanın Koreyada Respublikasındakı səfirliyindən bildirilib. 

Məlumata görə, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Qazaxıstan və Qırğızıstanın mədəniyyət xadimlərindən ibarət nümayəndə heyətləri iştirak edəcəklər. Festivalda Azərbaycanı Milli İnstrumental Ansamblı, Mahnı və Rəqs Ansamblı, “Natiq” ritm qrupu, Elçin Şirinov və caz qrupu təmsil edəcək.

Noyabrın 8-də paytaxt Seulda yerləşən Koreya Milli Muzeyində iştirakçı ölkələrin mədəniyyət xadimlərinin birgə iştirakı ilə festivalın açılış mərasimi keçiriləcək. Ertəsi gün Seulda Azərbaycan günü, noyabrın 13-də isə Qimhe şəhərində Azərbaycan, Qazaxıstan və Qırğızıstan mədəniyyət xadimlərinin iştirakı ilə birgə konsert keçiriləcək. Konsert proqramlarına paralel olaraq tədbirin keçiriləcəyi Koreya Milli Muzeyinin lobbisində Azərbaycanın tarixi, mədəniyyəti, milli mətbəxi, təbiəti, müasir arxitekturasını əks etdirən foto, həmçinin milli geyim sərgisi nümayiş etdiriləcək.

Tədbir çərçivəsində noyabrın 11-də Rövşən İsaxın Koreya dilində subtitrlə hazırlanmış “Aktrisa” filmi nümayiş etdiriləcək.

Qeyd edək ki, festivalda Azərbaycan nümayəndə heyətinin iştirakı, foto və milli geyimlərin nümayişi, habelə film festivalı üçün Azərbaycan filminin təmin edilməsi Mədəniyyət və Turizm Nazirliyi, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi