Parisdə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının konserti olub

Parisdə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının konserti olub Parisin San-Sülpis meydanında təşkil olunan “Azərbaycan şəhərciyi“ çərçivəsində tədbirlər davam edir
Mədəniyyət siyasəti
24 Sentyabr , 2014 10:28
Parisdə Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının konserti olub
Bakı. 24 sentyabr. REPORT.AZ/  Azərbaycanın fransızlara daha yaxından tanıdılması məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisin VI meriyasının ərazisindəki San-Sülpis meydanında təşkil olunmuş “Azərbaycan şəhərciyi” çərçivəsində tədbirlər davam edir. Fonddan Report-a bildirilib ki, sentyabrın 23-də Paris sakinləri və şəhərin qonaqları Azərbaycan incəsənət ustalarının növbəti konsertini dinləyiblər.

Bu dəfə tamaşaçılar qarşısında Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblı çıxış edib. Əməkdar Mədəniyyət İşçisi Elçin Abbasov, Xəyyam Məmmədov, Çinarə Mütəllibova, Şəfa Kərimov, Elmir Tarverdiyev, Eyvaz Mütəllimov və Mehman Nuriyev müxtəlif milli musiqi alətlərində ifalar edib, xanəndələrdən Əməkdar Artist Səbuhi İbayev, Günay İmamverdiyeva və Könül Tağıyeva müğamlar və xalq mahnıları oxuyublar.

“Azərbaycan şəhərciyi”nə gələnlər müxtəlif növ şərablara, şirniyyatlara, mürəbbələrə, quru meyvələrə, çay dəsgahlarına qonaq edilib, xalça toxunmasının və misgərlik məmulatlarının hazırlanmasının sirləri ilə yaxından tanış olublar. Qonaqlar Azərbaycanın tarixindən, mədəniyyətindən, musiqisindən, incəsənətindən, onun ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və Şuşadan bəhs edən kitablara, broşürlara baxıblar. Onlara Heydər Əliyev Fondunun XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında nəşr etdiyi kitablar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi