Parisdə gənc azərbaycanlı bəstəkarın konserti olub

Parisdə gənc azərbaycanlı bəstəkarın konserti olub Fransadakı səfirimiz Elçin Əmirbəyov konsertə gələn qonaqları salamlayıb
Mədəniyyət siyasəti
11 Noyabr , 2015 04:44
Parisdə gənc azərbaycanlı bəstəkarın konserti olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Paris Xarici mədəniyyət İnstitutları Forumunun 14-cü “Jazzycolors” festivalı çərçivəsində Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzində caz musiqisindən ibarət konsert təşkil olunub.

Fransadakı səfirimiz Elçin Əmirbəyov konsertə gələn qonaqları salamlayaraq Azərbaycanda caz musiqisinin yaranma tarixindən və onun inkişafından danışıb. Səfir ölkəmizdə caz musiqisinin bünövrəsinin 1930-cu illərin sonunda Niyazi və Tofiq Quliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb, Vaqif Mustafazadənin muğamın klassik Amerika caz musiqisi ilə sintezini yaratdığını vurğulayıb.

E. Əmirbəyov deyib ki, Azərbaycan cazının dünyada öz yeri var. Müasir dövrdə İsfar Sarabski, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli ölkəmizdə caz musiqisi ənənəsini davam etdirirlər.

Səfir azərbaycanlı gənc pianoçu və bəstəkar Etibar Əsədli haqqında danışaraq onun Bakı caz festivallarında öz bəstələri ilə diqqəti cəlb etdiyini bildirib. Qeyd edib ki, Etibar Əsədlinin təkcə öz doğma ölkəsində deyil, eyni zamanda, Fransada, İngiltərədə, İsveçrədə, Kiprdə, Rusiyada, Türkiyədə və Gürcüstanda konsertləri olub. O, Monrö Beynəlxalq Caz Festivalında iştirak edib.

Sonra Etibar Əsədli özünün bəstələdiyi musiqiləri, eləcə də Vaqif Mustafazadənin “Qara qaşın vəsməsi” musiqisini ifa edib. Gənc bəstəkarın çıxışı tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Son xəbərlər

Orphus sistemi