Bakı. 19 oktyabr. REPORT.AZ/ Nizami Kino Mərkəzində xalq yazıçısı Elçinin eyniadlı pyesi əsasında lentə alınan "Qatil" bədii filminin təqdimatı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, təqdimat oktyabrın 21-də olacaq.
Məlumata görə, nazirliyin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Finlandiyanın "Black and White Studio", Gürcüstanın "Studio 33A" və "Vars Studio" şirkətlərinin iştirakı ilə istehsal olunub.
Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi xalq yazıçısı Elçin, rejissoru Kamran Şahmərdan, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.
Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.