​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qırğızıstanın sabiq prezidentilə görüşüb

​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qırğızıstanın sabiq prezidentilə görüşüb 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forum müzakirə edilib
Mədəniyyət siyasəti
4 Noyabr , 2014 16:42
​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qırğızıstanın sabiq prezidentilə görüşüb
Bakı. 4 noyabr. REPORT.AZ/ Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov sabiq prezident Roza Otunbayeva ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Komitənin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə 2015-ci ilin aprelində keçirəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib. Forumun qlobal əhəmiyyətini vurğulayan eks-prezident Mərkəzin dəvətini qəbul edərək növbəti tədbirdə iştirak edəcəyini bildirib.

Rövşən Muradovla Roza Otunbayevanın görüşündə Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu, Nizami irsinin Qırğızıstanda təbliği, “Prezident Otunbayeva Fondu” ilə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, iki il əvvəl təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədi Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsinin araşdırılması, əsərlərindəki ümumbəşəri ideyaların - xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın dünyada təbliğ olunmasıdır. Bu istiqamətdə Madrid Klubu ilə sıx əməkdaşlıq edən Mərkəz eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013 və 2014-cü illərdə nüfuzlu siyasi liderlərin iştirakı ilə Qlobal Müştərək Cəmiyyətlər Forumu keçirib. Növbəti Forumun 2015-ci ilin aprelində keçirilməsi planlaşdırılıb, tədbirdə 40-dan artıq ölkənin sabiq və hazırkı dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.


Son xəbərlər

Orphus sistemi