Bakı. 12 fevral. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda film istehsalçılarına və yayımçılarına xəbərdarlıq edib.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, mülkiyyət formasından, buraxılış vaxtından və yerindən, texnikasından və istehsal üsullarından asılı olmayaraq milli, xarici və ya müştərək bədii, xronikal, sənədli, elmi-kütləvi, təhsil, cizgi və başqa janrlarda çəkilmiş filmlərin qanunsuz nümayişi, pornoqrafiya və zorakılıq təbliğ edən filmlərin yayımının qarşısının alınması, tamaşaçı auditoriyasının yaş kateqoriyalarının müəyyənləşdirilməsi məqsədilə Azərbaycan ərazisində yayımına və kütləvi nümayişinə icazə verilən bütün filmlər Mədəniyyət və Turizm Nazirliyində qeydə alınmalı və filmlərin dövlət reyestrinə daxil edilməlidir.
Nazirlikdən bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsinə əsasən, kino və videofilmlərin filmlərin Dövlət Reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə 2 min manat miqdarında cərimə edilir: "İnzibati Xətalar Məcəlləsinin 223-11-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Mədəniyyət və Turizm Nazirliyi baxır".