Mədəniyyət və turizm naziri Ağstafada vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Ağstafada vətəndaşları qəbul edib Əbülfəs Qarayev qarşısında tarixi abidələrin bərpası məsələsi qaldırılıb
Mədəniyyət siyasəti
20 May , 2016 12:36
Mədəniyyət və turizm naziri Ağstafada vətəndaşları qəbul edib

Bakı. 20 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağstafa rayonundakı Heydər Əliyev Mərkəzində Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarından vətəndaşları qəbul edib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kadr təminatı, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrdə turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Ağstafa rayonundan qəbula yazılan vətəndaşlar "Keşikçidağ" qoruğunun ərazisində aşkar edilmiş kurqanların öyrənilməsi və arxeoloji parkın yaradılması, bölgədəki hərbi hissələrin yeni kitablarla təmin edilməsi, kitabxana fondlarına Qarabağ mövzusunda əlavə ədəbiyyatın verilməsi, Heydər Əliyev Mərkəzində yaradılmış xalçaçılıq dərnəyində toxunulan xalçaların satışına köməklik göstərilməsi barədə xahişlərini diqqətə çatdırıb.

Qazax rayonundan qəbula gələnlərin müraciətləri dünya əhəmiyyətli abidə olan "Sınıq körpü”nün təmir olunması, Kəmərli kənd folklor evində yeni ştatların açılması, "Avey" tarix-mədəniyyət qoruğunun perspektiv inkişaf planının hazırlanması, rayon mərkəzi kitabxanasına aşıq ədəbiyyatı ilə bağlı kitabların verilməsi və s. məsələlər barədə olub.

Tovuz rayonundan qəbula yazılan vətəndaşlar Yanıxlı kəndində yerləşən XVII əsrə aid Şah Abbas məscidinin bərpası, rayon mərkəzləşdirilmiş kitabxana sisteminin yerləşdiyi binanın mədəniyyət və turizm şöbəsinin balansına verilməsi və Bakı şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə birgə tədbirlərin təşkilinə köməklik göstərilməsini xahiş edib.

Şəmkir və Gədəbəy sakinləri tərəfindən də müxtəlif məsələlər qaldırılıb. Qədim Şəmkir qalasına dövlət qoruğu statusunun verilməsi, tarix-diyarşünaslıq muzeyinin yeni binasında ekspozisiyasının qurulmasına köməklik göstərilməsi, Gədəbəy rayonda yerləşən musiqi məktəblərində fortepiano alətlərinin köklənməsi üçün mütəxəssislərin cəlb olunması ilə bağlı müraciətlər olub.

Qəbula gələn bütün vətəndaşları dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

Nazir jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir: "Cənab Prezidentin tapşırığı ilə mərkəzi icra hakimiyyətinin rəhbərləri hər ay yerlərdə vətəndaşları qəbul edir, onların problemləri ilə yerində tanış olurlar. Bugünkü görüşdə 30-a qədər vətəndaş iştirak edirdi. Bu dəfə də vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürüldü, onların təklif və problemləri dinlənildi".

Qəbulda aktual məsələlərə toxunulduğunu vurğulayan nazir mədəniyyət abidələrinin qorunması və bərpası, muzeylərin yeni ekspozisiyalarla, musiqi və incəsənət məktəblərinin dərs vəsaitləri ilə təmin olunması ilə bağlı faydalı təkliflərin olduğunu deyib: "Avey" və "Keşikçidağ" tarix-mədəniyyət qoruqları, Şəmkir qalası və "Sınıq körpü" ilə bağlı qaldırılan məsələlər insanların tariximizə, mədəniyyətimizə nə qədər həssas yanaşdıqlarını bir daha göstərir. Bu tarixi abidələr həm də bölgədə turizmin inkişaf etdirilməsi baxımından önəmlidir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirilməsi haqqında müvafiq sərəncamına əsasən, nazirliyin 15 regional idarəsi yaradılacaq. Bu idarələrin biri də Ağstafa rayonunda yerləşəcək. Bu rayon Gürcüstanla sərhəddə yerləşir. Bu da bölgənin tranzit olması ilə yanaşı, turizminin inkişafına da töhfəsini verəcək".

Regionların turizm imkanlarının təbliğinə dair təkliflərin də nəzərdən keçiriləcəyini bildirən nazir vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi