​Luvr muzeyinin departament direktoru Xalça Muzeyində olub

​Luvr muzeyinin departament direktoru Xalça Muzeyində olub Məqsəd Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir
Mədəniyyət siyasəti
2 Noyabr , 2015 19:11
​Luvr muzeyinin departament direktoru Xalça Muzeyində olub

Bakı. 2 noyabr. REPORT.AZ/ Fransanın məşhur Luvr muzeyinin İslam Departamentinin direktoru xanım Yannik Linzi Azərbaycan Xalça Muzeyində olub.

Muzeyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Y.Linzinin muzeyə gəlişinin əsas məqsədi Luvr muzeyində Azərbaycan xalçalarının sərgisini keçirməkdir.

Sərgidə Luvr muzeyinin və Azərbaycan Xalça Muzeyinin kolleksiyasından olan Azərbaycan xalçaları sərgilənəcək.

Qeyd edək ki, dünya muzeylərində, o cümlədən Fransanın Luvr və digər muzeylərində Azərbaycanın tarixi, nadir xalçaları saxlanılır.

Bu gün dünyanın bir çox muzey və şəxsi kolleksiyalarında Berlinin İslam İncəsənəti Muzeyi , Londonun Viktoriya və Albert, Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Vyananın, Romanın, İstanbul və s. ölkələrdə Bakı, Təbriz, Gəncə, Qazax, Quba, Şirvan və Qarabağ ustalarının hazırladığı nadir sənət nümunələri qorunaraq saxlanılır.

Bu nadir sənət əsərlərinin çoxu müəyyən dövrlərdə ayrı-ayrı şəxslərdən alınıb, ya da müxtəlif vaxtlarda Azərbaycanda olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər alıb aparıblar.

Ən qiymətli, nadir nüsxəli xalçalarımız Luvr muzeyində saxlanılır ki, onların da sayı 50-yə qədərdir.

Böyük sənət məbədində Azərbaycan xalçalarına həsr olunan sərginin keçirilməsi xalqımız üçün, onun mədəniyəti üçün yüksək göstəricidir.

Sərginin keçirilməsi Azərbaycan xalçalarının tam, hərtərəfli öyrənilməsinə, tədqiq və təbliğ edilməsinə imkanlar yaradacaq və dünya ictimaiyyətinin diqqətini bir daha qədim, dəyərli xalça sənətimizə, dünya muzeylərində, şəxsi kolleksiyalarda olan xalçalarımıza yönəldəcək.

Xarici ölkələrdə bu qism sərgilərin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinə olan marağın, sevginin, hörmətin təzahürüdür.

Bu məqsədlə Azərbaycan Xalça Muzeyi xalçalarımızı və digər sənət nümunələrimizi beynəlxalq miqyasda təsdiqləyib, mədəniyyətimizi dünyaya tanıtdırır.

Azərbaycan Xalça Muzeyinin əsas iş prinsiplərindən biri dünya muzeyləri ilə əməkdaşlıq edib, sərgilər təşkil etmək, birgə tədqiqat işləri aparmaq, Azərbaycan xalçalarını axtarıb-aşkarlamaq və öz tarixi adını qaytarmaqdır. Təsadüfi deyil ki, 2009-cu ildə muzey tərəfindən Kiyev İncəsənət muzeyində başqa ad altında sərgilənən Qazaxın XVIII əsr “Dağkəsəmənli” xalçasına öz tarixi adı qaytarıldı.

Fransa muzeylərində də Lionda Tekstil muzeyində, Qobelen manufakturasında, məşhur Luvr muzeyində saxlanılan tarixi, nadir Azərbaycan xalçalarının zəngin naxışları, kompozisiyaları araşdırılır.

Muzey artıq on ildir ki, Luvr muzeyi ilə əməkdaşlıq edir. Belə ki, 2008 ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Luvr muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə Azərbaycan muzeyləri və Luvr muzeyi arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsi, xalçaların bərpa edilməsi üzrə əməkdaşlıq və s. kimi məsələlər öz əksini tapıb.

Azərbaycan Xalça Muzeyinin yeni binasının gorünüşü, ekspozisiya zallarının geniş və qeyri-adi interyeri, bədii tərtibatı, xalçaların mərhələli təqdimatı, adət-ənənlərimizlə xalçanın vəhdəti, o cümlədən muzeydən həm dənizə, həm də Alov qüllələrinə açılan mənzərə qonaqda xoş təəssürat oyatdı.

Görüşün sonunda xanım Yannik Linziyə Röya Tağıyevanın fransız dilində nəşr olunmuş “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabı hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi