Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən sənədli filmin təqdimatı keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən sənədli filmin təqdimatı keçiriləcək “Əbədi ezamiyyət” filminin baş prodüseri Arzu Əliyeva, baş məsləhətçi tanınmış diplomat Ramiz Abutalıbovdur
Mədəniyyət siyasəti
21 Yanvar , 2016 11:26
Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən sənədli filmin təqdimatı keçiriləcək

Bakı. 21 yanvar. REPORT.AZ/ Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan "Əbədi ezamiyyət" sənədli filmi və "Qərib məzarlar" kitab-albomunun təqdimat mərasimi keçiriləcək.

Fonddan "Report"a verilən xəbərə görə, təqdimat yanvarın 22-də olacaq. 

Məlumata görə, layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, baş məsləhətçi tanınmış diplomat Ramiz Abutalıbovdur.

“Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video-foto çəkilişlər edilib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlər lentə alınıb.

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur.

Qeyd edək ki, “Əbədi ezamiyyət” Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı vasitəsi ilə 26 ölkədə nümayiş olunub. 

Son xəbərlər

Orphus sistemi