​Gələn ilin martında Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik yubileyi qeyd olunacaq

​Gələn ilin martında Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik yubileyi qeyd olunacaq Hidayət Orucov Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb
Mədəniyyət siyasəti
20 Oktyabr , 2015 19:01
​Gələn ilin martında Bişkekdə Üzeyir Hacıbəyovun 130 illik yubileyi qeyd olunacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/Bu gün Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov arasında görüş keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, H.Orucov qeyd edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Son iki il ərzində həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızstanda və Qırğızstan həqiqətlərinin Azərbaycanda daha yaxından tanıdılması üçün güclü iş aparılıb.

Görüşdə 2017-ci ildə Azərbaycanın Qırğızstanda, Qırğızstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi imkanları müzakirə olunub.

Səfir iki ölkə arasında mədəniyyət günlərinin keçirilməsini ilk dəfə baş tutacağını və bunun qardaş xalqları bir-birinə daha da yaxınlaşdıracağını qeyd edib.

Nazir mədəniyyət günlərinin keçirilməsi sevindirici hal olduğunu və bunun üçün hər bir hazırlığın gedəcəyini bildirib.

Həmçinin qırğız nazir 2015-ci ilin may ayının 18-19-da Azərbaycanın paytaxtında baş tutan III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda və TDƏŞ Mədəniyyət nazirləri görüşündə iştirakını qeyd edərək Azərbaycanın inkişafından danışmış və fəxr etdiyini bildirib.

A.Maksutov Azərbaycanın belə yüksək tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirmiş və hər iki tədbirin çox uğurla keçirildiyini qeyd edib.

Səfir vurğulayıb ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri bütün sahələrdə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

A.Maksutov isə öz növbəsində qeyd edib ki, Azərbaycan və Qırğızstan xalqları qardaş xalqlardır və ölkələrimiz arasında münasibətlər daimi olaraq inkişaf etməkdədir.

Görüşdə Azərbaycan Respublikasının Qırğız Respublikasında səfirliyinin Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə 2016-ci ilin mart ayında Bişkek şəhərində, Abdılas Maldıbayev adına Qırğız Milli Opera və Balet teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun 130 illiyi yubileyi ilə əlaqədar olaraq tədbirin keçirilməsi qərara alınıb.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi