Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib O, vətəndaşların təşəbbüskarlığını, yerlərdə mədəniyyət və turizm sahələrindəki problemlərə diqqət yetirməsini təqdir edib
Mədəniyyət siyasəti
26 May , 2015 13:53
Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib

Bakı. 26 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızı rayonunda vətəndaşları qəbul edib. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul rayonun Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbul zamanı nazir Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşüb. Qəbuldan əvvəl nazir Əbülfəs Qarayev Xızı rayonunda Heydər Əliyev abidəsini ziyarət edib.

Qəbulda vətəndaşlar müxtəlif məsələlərlə bağlı təklif, xahiş və şikayətlərini bildiriblər. Müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müxtəlif avadanlıq və ləvazimatlarla təminatı, musiqi və incəsənət məktəblərinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı olub. Kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, tarix-mədəniyyət abidələrinin təmir-bərpası, bölgələrdə turizmin inkişaf etdirilməsi ilə bağlı müraciətlər, bir sıra təşəbbüslər səsləndirilib.

Sumqayıt şəhərindəki Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, Xızı rayonunda Mikayıl Müşfiqin ev-muzeyində yeni ekspozisiya planının hazırlanması, Qubadlı rayon uşaq musiqi məktəbində saz sinfinin açılması, Şuşa şəhər incəsənət məktəbinin yerləşdiyi binanın təmir olunması, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin bədii tərtibatına köməklik göstərilməsi, rayonun Bartaz kənd uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, Xızı rayonunda XIX əsrə aid olan dəyirmanın bərpa olunması, Abşeron rayonu Siyan kəndi ərazisində arxeoloji qazıntıların aparılması ilə bağlı nazirə müraciətlər olub.

Ə.Qarayevə eyni zamanda Abşeron yarımadasında turizmin inkişafı ilə bağlı infoturların təşkili, Sumqayıtın turizm imkanlarının öyrənilməsi və inkişaf konsepsiyasının hazırlanması məqsədilə mütəxəssislərin cəlb olunması haqqında müraciətlər edilib. Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı xahişlər olub.

Görüşdə hər bir vətəndaş diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, sakinlərlə ünsiyyət zamanı qaldırılan bir sıra məsələlər operativ şəkildə həllini tapır. O, vətəndaşların təşəbbüskarlığını, yerlərdə mədəniyyət və turizm sahələrindəki problemlərə diqqət yetirməsini təqdir edib. 

Son xəbərlər

Orphus sistemi