Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilir

Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilir Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Slovakiyada səfərə gedib
Mədəniyyət siyasəti
26 May , 2016 03:11
Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilir

Bakı. 26 may. REPORT.AZ/ Mayın 23-dən 28-dək Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı Fəxri Konsulluğunun təşəbbüsü və təşkilatçılığı ilə Bratislava şəhərində Respublika Gününə həsr olunmuş tədbirlər keçirilir.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Rəsmi görüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti Fərhad Bədəlbəyli Slovakiyada səfərə gedib.

Səfər çərçivəsində qonaqlar Slovakiyanın Mədəniyyət Nazirliyində Dövlət katibi İvan Seçik tərəfindən qəbul edilib.

Görüşdə 2017-2018-ci illərdə Azərbaycanda və Slovakiyada təşkil ediləcək mədəniyyət tədbirlərində, festival və müsabiqələrdə qarşılıqlı olaraq iştirak edilməsi, incəsənət ustalarının və müxtəlif kollektivlərin ezamiyyələri və digər məsələlər müzakirə olunub. Söhbət zamanı ölkəmizdə mədəniyyət sahəsində görülən işlər, həyata keçirilən uğurlu islahatlar, beynəlxalq tədbirlər barədə məlumat verilib.

Azərbaycan nümayəndə heyəti Bratislava şəhər Filarmoniyasının baş direktoru, professor Maryan Lapşanski ilə də görüş keçirib. Filarmoniya ilə ətraflı tanışlıqdan sonra fikir mübadiləsi aparılıb. Müzakirələrdən sonra 2018-ci ildə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar Bratislava Simfonik Orkestrinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsertin təşkili və bəstəkarın yubileyinin qeyd olunması barədə razılıq əldə olunub.

Mayın 25-də Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı Fəxri Konsulluğunda 28 may Azərbaycan Respublika gününə həsr olunmuş konsert proqramı nümayiş etdirilib.

Konsertdə Əyyub Quliyevin dirijorluğu ilə xalq artisti, tarzən Ramiz Quliyev, əməkdar artist, vokalçı Afaq Abbasova-Budaqovanın ifaları böyük alqışlarla qarşılanıb.

Slovakiyaya səfər zamanı Azərbaycan nümayəndə heyətinin parlamentlərarası dostluq qrupunda və və bir sıra nazirliklərdə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Tədbirlərdə Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı fəxri konsulu Cəlal Qasımov iştirak edib. 

Son xəbərlər

Orphus sistemi