Bişkekdə Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək

Bişkekdə Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək 2017-ci ildə Azərbaycanın Qırğızıstanda və Qırğızıstanın Azərbaycanda mədəniyyət günləri təşkil ediləcək
Mədəniyyət siyasəti
2 Mart , 2016 20:28
Bişkekdə Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək

Bakı. 2 mart. REPORT.AZ/ Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov ilə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov arasında görüş keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən "Report"a verilən məlumata görə, səfir görüşdə qeyd edib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir.

Görüşdə həmçinin 2017-ci ildə Azərbaycanın Qırğızıstanda, Qırğızıstanın isə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi məsələləri müzakirə edilib.

Nazir öz növbəsində mədəniyyət günlərinin keçirilməsinin sevindirici hal olduğunu və bunun üçün hər bir hazırlığın gedəcəyini bildirib.

Görüşdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi ilə birgə 2016-ci ilin martın 17-də Bişkekdə Abdılas Maldıbayev adına Qırğız Milli Akademik Opera və Balet Teatrında bütün müsəlman şərqində ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, Azərbaycan klassik musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar olaraq tədbirin keçirilməsi qərara alınıb.

Dahi sənətkarın möhtəşəm əsərlərindən ibarət olacaq qala-konsertdə Qırğızıstan opera müğənniləri ilə yanaşı, Azərbaycandan da sənətkarlar iştirak edəcəklər.

Qırğız nazir Üzeyir Hacıbəylini bütün dünyada olduğu kimi, Qırğızıstanda da çox sevdiklərini və tədbirə qırğız xalqının böyük maraq göstərəcəyinə əmin olduğunu bildirib.

Həmçinin, görüşdə qırğız şairi Jusub Balasaqının 1000 illik yubileyinin Azərbaycanda keçirilməsi məsələsiylə bağlı fikir mübadiləsi aparılıb.

H.Orucov A.Maksutova “Azərkosmos” haqqında geniş məlumat verərək, Qırğızıstan kanallarının Azərbaycanın milli peykinə maraq göstərdiklərini qeyd edib, “Azərkosmos”un Bişkek şəhərində təqdimat mərasimini keçirməyi təklif edib.

Nazir təklifi məmnuniyyətlə qəbul edib və özünün də təqdimatda iştirak edəcəyini bildirib.

Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi