Bakıda “Amerika günləri” festivalının açılış mərasimi keçirilib

Bakıda “Amerika günləri” festivalının açılış mərasimi keçirilib Tədbirlər Azərbaycan regionlarını da əhatə edəcək
Mədəniyyət siyasəti
13 May , 2016 20:40
Bakıda “Amerika günləri” festivalının açılış mərasimi keçirilib

Bakı. 13 may. REPORT.AZ/ Mayın 14-21-də Azərbaycanda “Amerika günləri” festivalı keçiriləcək. “Report” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Məlumata görə, festivalın keçirilməsində məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çıxış edərək bildirib ki, ABŞ və Azərbaycan arasında bir çox oxşarlıqlar var. İki ölkəyə də xas olan tolerantlıq və digər mədəniyyətlərin qəbulu kimi xüsusiyyətlər haqda danışan səfir deyib ki, bir həftə ərzində keçirilən "Amerika günləri" çərçivəsində baş tutan tədbirlərdə ABŞ-da həyatın rəngarəngliyini nümayiş etdirəcəklər.

Onun sözlərinə görə, "Amerika günləri"ni açan konsertdə Azərbaycan musiqiçiləri tərəfindən ifa edilən ABŞ bəstəkarları Corc Gerşvin və Leonard Bernstaynın əsərləri iki ölkə arasındakı əməkdaşlığın nümunəsidir.

Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sözlərinə görə, Azərbaycanda "Amerika günləri"nin keçirilməsi iki ölkə arasında gələcək əməkdaşlığa töhfə verəcək.

Tədbirlər Azərbaycan regionlarını da əhatə edəcək.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub.

Festival mayın 21-dək davam edəcək.

Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur. 

Son xəbərlər

Orphus sistemi