Bakı Musiqi Akademiyası yeni dərs vəsaitlərinin təqdimatını keçirəcək

Bakı Musiqi Akademiyası yeni dərs vəsaitlərinin təqdimatını keçirəcək Təqdimat noyabrın 11-də Akademiyanın Qara Qarayev adına konfrans zalında baş tutacaq
Mədəniyyət siyasəti
3 Noyabr , 2015 20:54
Bakı Musiqi Akademiyası yeni dərs vəsaitlərinin təqdimatını keçirəcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 11-də saat 14.00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə nəşr edilən 6 yeni dərs vəsaitinin təqdimatı keçiriləcək.

"Report" xəbər verir ki, təqdimat Azərbaycan musiqi sənətinin dahi klassiki Üzeyir Hacıbəylinin 130 və BMA-nın eksperimental məktəb-studiyasının 35 illiyinə həsr olunub.

Təqdim olunan nəşrlərin elmi redaktorları BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli və məktəb-studiyanın direktoru, əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovdur.

Təqdimatın əvvəlində “Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişafı proqramı” (müəllif-tərtibçilər - Fərhad Bədəlbəyli, Tərlan Seyidov) təqdim olunacaq.

Proqram böyüməkdə olan nəslin milli musiqi gen yaddaşının bərpa və fəallaşdırılmasına həsr edilib və sonrakı nəşrlər üçün əsas olub.

Bunlar Azərbaycan ladlarının öyrənilməsinə dair Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” traktatının Tərlan Seyidovla adaptasiya olunmuş dərs vəsaiti və Azərbaycan xalq mahnı və rəqsləri, Azərbaycan bəstəkarlarının opera və musiqili komediyalarından parçalar daxil olunan ikicildlik “Azərbaycan ladlarının tədrisinə dair müntəxəbat”dır (tərtibçilər – Tərlan Seyidov, Cəmilə Həsənova, Leyla Zöhrabova, Aytən İbrahimova).

Azərbaycan xalq sənətinə və milli köklərə maraq yaradılması problemi Lalə Dadaşovanın tərtib etdiyi I-XI sinif nşagirdləri üçün “Solfecio” fənni üzrə ilk universal dərs vəsaitində də öz həllini tapib. Burada ümumdünya musiqi klassikası ilə yanaşı, Azərbaycan bəstəkarlarının yaradıcılığı və xalq musiqi nümunələri geniş təqdim olunub.

Təqdimat Fərhad Bədəlbəylinin redaktəsi ilə nəşr olunan Cahangir Qarayevin fortepiano üçün sonatasının təqdimatı ilə bitəcək. Sonatanın itirilmiş əlyazmasının surətini Tərlan Seyidov saxlayıb və bərpa olunub.

Xatırladaq ki, bu, F.Bədəlbəyli və T.Seyidovun itirilmiş əlyazmaların surətləri üzərində bərpası istiqamətində ikinci redaktorluq işləridir. Bundan öncə 1939-cu ildə yazılmış və 75 il sonra Azərbaycan Bəstəkarlar İttifaqının festivalında Fəqan Həsənlinin ifasında səslənən görkəmli bəstəkar Qara Qarayevin fortepiano üçün üçsəsli fuqası da bərpa olunaraq çapdan çıxıb.

Tədbirdə musiqi sənətinin görkəmli ictimai xadimləri iştirak edəcək. Eyni zamanda, yeni nəşrlərin tədris prosesində nəticələrini nümayiş etdirəcək məktəb-studiyanın şagirdləri də konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının elmi-metodiki və eksperimental bazası olan məktəb-studiyanın 35 illik yaradıcı axtarışlarının nəticəsi olan prezentasiyaya Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova rəhbərlik edəcək.

Son xəbərlər

Orphus sistemi