Bakı. 28 mart. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə 3-cü Beynəlxalq “Bahar kuboku – 2016” turniri yekunlaşıb. "Report"un məlumatına görə, yarışda Macarıstanı təmsil edən 5 yaşlı azərbaycanlı gimnast Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq birinci pilləyə qalxıb.
“Bahar kuboku – 2016” 2001-2011-ci illərdə doğulanlar arasında keçirilib.
Turnirdə ev sahibləri Macarıstanla yanaşı, 17 ölkənin təmsilçiləri, o cümlədən, İtaliya, Rusiya, Çexiya, Kipr, Almaniya, Qazaxıstan, Ukrayna, İsrail, Qırğızıstan, Slovakiya, Estoniya, Bosniya və Hersoqovina, Polşa, Lüksemburq, Moldova, Bolqarıstan, İsveçrə və başqa ölkələrin təmsilçiləri iştirak edib.
Qeyd edək ki, Mina Abbasova cəmi 6 aydır peşəkar gimnastika ilə məşğul olsa da, yaşıdları arasında fərqlənərək, beynəlxalq turnirə vəsiqə qazana bilib. O, əməkdar incəsənət xadimi, tanınmış rejissor Əliqismət Lalayevin nəvəsidir. Mina Abbasovanın anası, yazıçı-jurnalist Əzizə Lalayeva ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq Macarıstanda yaşayır.