Bakı. 17 fevral. REPORT.AZ/ Martın 12-də Moskva şəhərində Dövlət Kreml Sarayında "Məhəbbətin doğum günü" adlı tədbir keçiriləcək. Tədbirdə tanınmış azərbaycanlı bəstəkar, müğənni, beynəlxalq müsabiqələr laureatı Rizvan Sədirxanov da iştirak edəcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbirdə Rusiya estradasının müxtəlif ulduzlarının, Respublika qrupunun və azərbaycanlı bəstəkar Rizvan Sədirxanovun mahnıları səslənəcək.
"Rusiyanın Dünya Fondu"nun təşəbbüsü ilə baş tutacaq tədbir Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə və Beynəlxalq Qadınlar Gününə həsr olunacaq.
Xatırladaq ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar və müğənni Rizvan Sədirxanovun "Səmimi Qəlbdən" adlanan mahnılar toplusu nəşr olunub.