Azərbaycanla UNESCO arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

Azərbaycanla UNESCO arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib Əbülfəs Qarayev "EXPO Milan 2015" sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Mədəniyyət siyasəti
3 Avqust , 2015 20:05
Azərbaycanla UNESCO arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliyanın Milan şəhərində "EXPO Milan 2015" sərgisi çərçivəsində UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə UNESCO arasında münasibətlərin əsas istiqamətləri və gələcək perspektivləri müzakirə edilib, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əməkdaşlığın inkişafına verdiyi töhfələri və dəstəyinin qarşılıqlı münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.

Konfrans çərçivəsində həmçinin Ə.Qarayev bir sıra ölkələrin mədəniyyət nazirləri ilə də görüşlər keçirib. Bolqarıstan, Rusiya, Qatar, Bəhreyn, Oman, Türkmənistan, Albaniya və Belarusun mədəniyyət nazirləri ilə də keçirilən görüşlərdə mədəniyyətin müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb, yeni əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin görüşlər zamanı Əbülfəs Qarayev 2016-cı il aprelin 25-27-də Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu barədə məlumat verərək həmkarlarını tədbirə dəvət edib.

Bu arada İtaliyanın Milan şəhərində "EXPO Milan 2015" sərgisi çərçivəsində mədəniyyət nazirlərinin iştirakı ilə keçirilən beynəlxalq konfransa yekun vurulub.

Tədbirdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda dünyanın 70-dən çox ölkəsindən mədəniyyət nazirləri və nümayəndə heyətləri iştirak ediblər.

Konfrans "Mədəniyyət xalqlar arasında dialoqun təkmilləşdirilməsində əsas vasitədir" devizi altında keçirilib. İki gün davam edən konfransda 35-dən çox nazir çıxış edib, mövzu üzrə maraqlı fikirlər səsləndirib.

Sonda konfransı yekun nitqi ilə başa vuran İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Dario Francesçini iştirak edən hər kəsə təşəkkürünü bildirib və UNESCO-nun baş direktoru İrina Bokovadan tədbirin davamlı keçirilməsinə dəstək verməsini təklif edib.

Bildirilib ki, konfransın devizi iki gün ərzində dinlənilən məruzələrdə da öz təsdiqini tapıb.

Qeyd edək ki, tədbir çərçivəsində mədəni proqramlar da təşkil edilib. Tədbirin birinci günü İtaliyanın məşhur "Fondazione Prada" qalereyasında sərgilər nümayiş olunub, dünyanın tanınmış opera teatrı La Skalada tanınmış italyan bəstəkarı Gioachino Antonio Rossininin "II Barebiere di Siviglia" tamaşası göstərilib.

Tədbirin növbəti günü isə Leonardo da Vinçinin "Last Supper" ("Sonuncu Şam Yeməyi") əsərinin saxlandığı Santa Mariya della Qrasiya monastırına tur təşkil olunub.

Son xəbərlər

Orphus sistemi