Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri ilə görüşüb
Mədəniyyət siyasəti
8 Sentyabr , 2015 18:14
Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub

Bakı. 8sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı Azərbaycanla Gürcüstan arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Nazir Əbülfəs Qarayev iki ölkə arasında vahid turizm marşrutlarının yaradılması ilə bağlı məsələ haqqında təklif verib, belə turizm məhsulunun region ölkələri arasında, eyni zamanda dünya səviyyəsində turist axının cəlb olunması sahəsində iki ölkə üçün mühüm addım olacağı bildirib və hər iki ölkənin bir sıra oxşar xüsusiyyətlərinin olması bu sahədə turistlərin diqqətini cəlb edəcəyi vurğulayıb. Nazir, həmçinin iki ölkəni əhatə edən Şərab Yolu, Aleksandr Düma Qafqazda kimi bir sıra həyata keçirilmiş layihələrdən də bəhs edib.

Qeyd edək ki, ölkənin infrastrukturu, bölgələrdə aparılan yenidənqurma işləri, yeni mehmanxanaların yaradılması bu sahədə hal-hazırda da müxtəlif layihələr həyata keçirilməsinə əsas verə bilər. 

Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Giorgi Çoqovadze Gürcüstan iqtisadiyyatının prioriteti olan turizm sahəsi üzrə görülən işlər haqqında məlumat verib, həyata keçirilmiş layihələrdən bəhs edib. Giorgi Çoqovadze bildirib ki, Administrasiya turizm sahəsində əsasən virtual təbliğat istiqamətində bir sıra işlər həyata keçirir, eyni zamanda, kino filmlərin çəkilməsi, video çarxların hazırlanması istiqamətində aparılan işlər bu sahədə turist axınına səbəb olan amillərdəndir.

Nazir Əbülfəs Qarayev kino sahəsində də əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətindən bəhs edib və Azərbaycanda çəkilişləri aparılan məhşur "Əli və Nino" filminin Tiflisdə də bəzi çəkilişlərinin aparılması artıq bu sahədə görülən işlərdən biri sayılacağını deyib. Nazir, həmçinin Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının Azərbaycanda işgüzar turizmin inkişafı istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə görüşlər aparmasını, həmçinin yerli şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulması və bu istiqamətdə işlər aparılması üçün Azərbaycan Turizm Assosiasiyası ilə görüşlər təşkil olunmasını təklif edib. Xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində iştirak zamanı turizm məqsədilə səfər edən turistlərin marağına səbəb olacaq iki ölkənin birgə təkliflərlə çıxış etməsi məsələləri üzrə də fikir mübadiləsi aparılıb. Həmçinin, hava nəqliyyatı, dəmiryolu və digər sahələrdə əməkdaşlıq məsələri müzakirə olunub.

Görüş zamanı Gürcüstanda turizm sahəsindəki müsbət yeniliklərdən və təcrübədən Azərbaycanda da istifadə olunacağı bildirilib. Həmçinin, qonaqlar Bakıda səfər etdikləri Heydər Əliyev Mərkəzi, Şirvanşahlar Sarayı, Xalça muzeyi, Qız Qalası və Qobustan Milli Tarix Bədii Qoruğu və bir sıra görməli yerlər haqqında yüksək təəssüratlarını bölüşüblər. 

Qeyd edək ki, səfər çərçivəsində qonaqların Azərbaycan Turizm Assosiasiyasında və Azərbaycan Konqreslər Bürosunda ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.Səfərin həyata keçirilməsində əsas məqsəd iki ölkə arasında işgüzar (MİCE) turizm sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, MDB məkanında ilk dəfə olaraq 2013-cü ildə ölkəmizdə təsis edilmiş Azərbaycan Konqreslər Bürosunun təcrübəsindən istifadənin öyrənilməsidir.

Son xəbərlər

Orphus sistemi