Bakı. 17 mart. REPORT.AZ/ Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Novruz bayramı ilə əlaqədar bayram tədbiri keçirilib.
Səfirlikdən "Report"a verilən məlumata görə, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Azərbaycan və digər türkdilli xalqların milli bayramı olan Novruz bayramı haqqında danışaraq, Azərbaycanda Novruzun qeyd olunması, adət-ənənələri haqqında məlumat verib, bu bayramın xalqlarımızı birləşdirdiyini qeyd edib.
O, çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramının YUNESKO-nun qeyri-maddı mədəni irs siyahısına daxil edildiyini bildirib. Səfir Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə BMT Baş Assambleyasında 21 martın Beynəlxalq Novruz Günü elan edilməsi ilə bağlı qətnamənin qəbul edildiyini və hər il bu bayramın BMT-də də geniş qeyd edildiyini vurğulayıb.
Daha sonra Azərbaycanda Novruzun qeyd olunması, Novruz adət-ənənələri, ölkəmizin turizm gözəlliklərini özündə əks etdirən videeo material nümayiş etdirilib.
Tədbirdə iştirakçılara Novruz süfrəsi təqdim olunub, onlara Novruz xonçaları, şirniyyatları, səməni haqqında məlumat verilib.