Azərbaycanın milli səhər yeməyinin təqdimatı keçirilib

Azərbaycanın milli səhər yeməyinin təqdimatı keçirilib Mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilən milli kulinariya məhsulları təqdim olunub
Mədəniyyət siyasəti
8 İyun , 2015 16:38
Azərbaycanın milli səhər yeməyinin təqdimatı keçirilib

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən 4 və 5 ulduzlu mehmanxanaların baş menecerləri üçün "Azerbaijan breakfast" (AB) milli səhər yeməyi kompleksi və onun mehmanxana və mehmanxana tipli obyektlər və turistlərə xidmət göstərən iaşə obyektlərində tətbiqinə dair layihənin təqdimatı keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Mərasimdə Azərbaycanın səhər yeməyi ənənələri, "Azerbaijan breakfast" səhər yeməyi kompleksinə daxil edilən milli kulinariya məhsulları təqdim olunub, Azərbaycan xalqının mətbəx ənənələrinin xüsusiyyətləri, həmçinin layihənin məqsədləri və tətbiqi qaydaları haqqında geniş məlumat verilib, layihənin həyata keçirilməsi istiqamətində iştirakçılarla gələcəkdə əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Layihə Azərbaycanın milli mətbəxinin, xüsusilə səhər yeməyi ənənələrinin beynəlxalq və milli səviyyədə kulinariya, iaşə və turizm xidməti seqmentində Azərbaycanın mülkiyyəti və qeyri-maddi irs nümunəsi kimi təqdim və təbliğ edilməsi, gələcəkdə onun tətbiqi prosesinə nəzarətin təmin edilməsi və təhriflərə və mənimsəmələrə yol verilməməsi məqsədilə hazırlanıb. Azərbaycanın Müəllif Hüquqları Agentliyində müvafiq qaydada qeydiyyatdan keçirilib və layihə üzərində Mədəniyyət və Turizm Nazirliyinin müstəsna hüquqları tanınıb.

Bununla yanaşı, layihənin tətbiqinə ümumi nəzarət edilməsi və onun yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində layihənin tətbiqinə dair müvafiq qaydalar tərtib edilib.

Qeyd edək ki, Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi "Azerbaijan breakfast" adı altında təbliği və təqdimatı son nəticədə ölkənin milli mədəniyyətinin bir hissəsi olan milli mətbəxin nəinki ölkə daxilində, o cümlədən xaricdə də tanıdılmasına əlverişli şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi