Azərbaycanda Novruz bayramı qeyd olunur

Azərbaycanda Novruz bayramı qeyd olunur Novruz bayramı 2009-cu ildə YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib
Mədəniyyət siyasəti
20 Mart , 2015 00:05
Azərbaycanda Novruz bayramı qeyd olunur

Bakı. 20 mart. REPORT.AZ / Bu gün Azərbaycanda xalqın ən sevimli bayramlarından biri olan Novruz bayramı qeyd edilir. 

"Report" xatırladır ki, bahar Azərbaycana martın 20-dən 21-nə keçən gecə qədəm qoyacaq və həmin dəqiqədə gecə-gündüz bərabərliyi qeydə alınacaq. Buna görə də martın 20-si bayram axşamı hesab olunur.

"Novruz" fars sözü olub, "yeni gün" deməkdir. Novruzun qeyd edilməsi də yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri var: papaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, səməni xonçaları bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (Məsələn, ənzəli) və s.

Novruz bayramına dair inanclar: "Qapıya atılan papağı boş qaytarmazlar, "Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir", "Tonqaldan tullanarkən bu ifadə deyilir: "Ağrım səndə, uğurun məndə"", "Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar", "Bayram günü ailənin sayı qədər şam yandırarlar" və s.

Son xəbərlər

Orphus sistemi