​Azərbaycan Niderlandda keçiriləcək mədəniyyət festivalında təmsil olunacaq

​Azərbaycan Niderlandda keçiriləcək mədəniyyət festivalında təmsil olunacaq “Milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqçalar nümayiş etdiriləcək”
Mədəniyyət siyasəti
21 Aprel , 2015 12:16
​Azərbaycan Niderlandda keçiriləcək mədəniyyət festivalında təmsil olunacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Niderland Krallığının Utrext şəhərində keçiriləcək Hollandiyada yaşayan xalqların böyük Mədəniyyət Festivalında Azərbaycan da təmsil olunacaq. “Report” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, bu məqsədlə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi festivala hazırlıq işlərinə start verib.

Birliyin sədri Mayisə Ağamirzəyeva bildirib ki, artıq bu il Hollandiyada üçüncü dəfə təşkil edilən Kultifestivalın və “İmkan Vəqfi”nin rəhbəri Zəkəriyə Arslanla görüşüb festivalda Azərbaycan tərəfindən təqdim olunacaq proqramı müzakirə ediblər: “Mayın 14-dən 17-dək davam edəcək 4 günlük festivalda Birliyin hazırladığı Azərbaycanı təqdim edən böyük lövhə qurulacaq. Lövhədə Azərbaycanın dövlət atributlarını, mədəniyyət və tarixini əks etdirən eksponat və suvenirlər, milli geyimlərimiz, yeməklərimiz, Azərbaycan haqqında kitab və açıqçalar nümayiş etdiriləcək”.

Bundan başqa, festivalda Bakının Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Birliyinin “Azərbaycan inciləri” uşaq rəqs qrupu, Hollandiyada fəaliyyət göstərən “Odlar Yurdu” Təşkilatının rəhbəri müğənni-bəstəkar Firəngiz Bağırova Azərbaycanın xalq və bəstəkar musiqiləri ilə çıxış edəcəklər. Tədbirdə Hollandiyada yaşayan rəssamlar – Rasim Hüseynov və Vəfa Hüseynovanın rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdiriləcək.

Son xəbərlər

Orphus sistemi