Azərbaycan "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda iştirak edəcək

Azərbaycan "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda iştirak edəcək Azərbaycana məxsus 24 kv.m stend sahəsi icarəyə götürülərək xüsusi dizayn edilmiş stend quraşdırılacaq
Mədəniyyət siyasəti
27 Oktyabr , 2015 16:49
Azərbaycan Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkasında iştirak edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ İtaliyanın Paestum şəhərində XVIII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası" (XVIII "La Borsa Mediterranea del Turismo Archeologico" - www.borsaturismoarcheologico.it) keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, oktyabrın 29-da başlayan yarmarka noyabrın 1-dək davam edəcək. 

Nazirlikdən bildirilib ki, hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların təmsil olunduğu tədbirdə Azərbaycan da iştirak edəcək: "Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin də iştirakı, onun zəngin irsinin və turizm potensialının geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində Azərbaycana məxsus 24 kv.m. stend sahəsi icarəyə götürülərək xüsusi dizayn edilmiş stend quraşdırılacaq. Yarmarkada Azərbaycanı təmsil etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulub". 

Nazirliyin məlumaatına görə, stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və italyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunan reklam məhsulları ilə təmin olunub. 

Qeyd edək ki, ötən il keçirilən XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan Respublikası "rəsmi qonaq ölkə" statusunda iştirak edib. 

Son xəbərlər

Orphus sistemi