Bakı. 28 aprel. REPORT.AZ/ Nepalda baş verən zəlzələ Everest zirvəsinin hündürlüyünə təsir etməyib.
"Report" xəbər verir ki, bu haqda Britaniya KİV-i məlumat yayıb.
Kembric Universitetinin tektonik dəyişikliklər üzrə mütəxəssisi Ceyms Cekson əlavə edib ki, Nepalın paytaxtı Katmandunun yerləşdiyi torpaq 3 metr cənuba doğru "hərəkət edib".
Avstraliyanın Adelaid Universitetinin alimləri də Everest yüksəkliyinin dəyişikliyə uğramadığı qənaətinə gəliblər. "Əsas hərəkət Everestdən qərbdə, tektonik yerdəyişmələrin sıx olduğu ərazidə baş verib", - onlar vurğulayıb.
Qeyd edək ki, Everest dəniz səviyyəsindən 8 min 848 metr hündürdür.
Xatırladaq ki, aprelin 25-də Nepalda 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində dörd mindən çox insan ölüb, 7 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb. Bununla belə, ölənlərin sayının on minə çatacağı istisna edilmir.