Bakı. 22 mart. REPORT.AZ/ Almaniyadan olan turist Misirdə köpək balığının hücumu nəticəsində həlak olub.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Qırmızı dəniz sahillərində yerləşən Əl-Kuseyr şəhərinin icra hakimiyyəti nümayəndələri məlumat veriblər.
Almaniyanın DPA agentliyinin yazdığına görə, hadisə şənbə günü baş versə də, bu barədə yalnız indi məlum olub. Agentliyin məlumatına görə, köpək balığı 53 yaşlı turistin pəncə hissəsini dişləyib. Nəticədə Almaniya vətəndaşı xəstəxanaya aparılarkən çoxlu qan itkisindən həlak olub. Kişinin sahildən nə qədər uzaqda olduğu məlum deyil.
2014-cü ildə dünyada 118 nəfər köpək balığı hücumuna məruz qalıb. Onlardan 10 nəfəri həlak olub, daha 87 nəfər yaralanıb.