"YapıKredi Bank Azərbaycan" italiyalı investorunu itirə bilər

"YapıKredi Bank Azərbaycan" italiyalı investorunu itirə bilər "UniCredit Bank" Türkiyənin "YapıKredi Bank"ındakı payını sata bilər
Maliyyə
21 May , 2016 13:21
YapıKredi Bank Azərbaycan italiyalı investorunu itirə bilər

Bakı. 21 may. REPORT.AZ/ İtaliyanın maliyyə və siğorta sektorunun əsas iştirakçılarından olan "UniCredit Bank" kapitalını artırmaq məqsədilə bəzi aktivlərini satmaq niyyətindədir. "Report"un "Habertürk"ə istinadən verdiyi xəbərə görə, satılması planlaşdırılan aktivlər arasında "Fineco Bank", "YapıKredi Bank" və Polşanın "Pekao Bank"dakı iştirak payları yer alıb. Qeyd edək ki, baş ofisi Milanda yerləşən "UniCredit Bank" 2015-ci ilin sonuna 1,022 trln. dollar həcmində aktivlərə sahib olub və 49 ölkədə fəaliyyət göstərir. Grupun ən böyük səhmdarı isə Abu-Dabinin "Aabar Investments" şirkətidir.

"Bloomberg" agentliyinin məlumatına əsasən, "UniCredit Bank" hazırda maliyyə çətinlikləri ilə üzləşib. Hətta investorlar Bankın menecmentinin dəyişdirilməsini tələb ediblər. Məhz hazırkı rəhbərliyin səhm satışı həyata keçirərək kapitalı artırmaq əvəzində işçiləri ixtisar etmək və aktivləri sataraq öhdəliklərin yerinə yetirilməsi siyasəti "UniCredit Bank"ı Avropanın ən az kapitallaşmış bankına çevirib.

Xatırladaq ki,"UniCredit Bank"ın aktivləri arasında yer alan "YapıKredi Bank"ın əsas səhmdarı "Koç Maliyyə Xidmətləri" (81,8%, Koç Finansal Hizmetler) şirkətidir. "UniCredit Bank" isə 2001-ci ildə Türkiyənin bank sektoruna daxil olaraq "Koç Holdinq"ə aid olan "Koç Finansal Hizmetler"ə 50%-lə ortaq olub. Həmin tarixdə "Koç Finansal Hizmetler"ə aid olan və Türkiyənin 8-ci böyük bankı olan "Koç Bank" daha sonra 2005-ci ildə "YapıKredi Bank"ı satın alıb. 2006-cı ildə isə "Koç Bank" və "YapıKredi Bank" birləşərək "YapıKredi Bank" adı ilə fəaliyyətini davam etdirməyə qərar verib. Yəni, "UniCredit Bank" hazırda "YapıKredi Bank"da 40,9% paya malikdir. 

"Report"un "YapıKredi Bank Azərbaycan" QSC-nin rəsmi veb-səhifəsinə istinadən verdiyi xəbərə görə, ortaqlıq nəticəsində "Koç Qrup"un maliyyə sektorunda olan səhmləri arasında yer alan "Koçbank Azərbaycan" da "Koç Maliyyə Hizmetləri" ilə "Uni Credito İtaliano" arasında bərabər hüquqlarla bölüşdürülüb. Nəticədə, "UniCredit Bank"ın "YapıKredi Bank Azərbaycan"dakı payı 32,72%-ə bərabər olub. Qeyd edək ki, "YapıKredi Bank" 80% və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) 20%-lə "YapıKredi Bank Azərbaycan"ın səhmdarlarıdır.

Bu günlərdə açıqlanan satış xəbərindən sonra "YapıKredi Bank"ın İstanbul Fond Birjasında səhmləri 3% ucuzlaşıb. Hazırda Bankın bazar dəyəri 16,5 mlrd. lirə və ya 5,5 mlrd. dollar həcmində qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi