Bakı. 31 dekabr. REPORT.AZ/ Azərbaycanda “Yaşıl Kart” sisteminin fəaliyyətə başlaması üçün İcbari Sığorta Bürosu (İSB) tərəfindən müvafiq təkrarsığorta proqramı və bank zəmanəti Bürolar Şurasına təqdim edilib və növbəti mərhələ olaraq sistemə üzv olan 46 ölkənin "Yaşıl Kart" büroları ilə İSB arasında sənədlərin qarşılıqlı tanınmasına dair ikitərəfli sazişlərin bağlanması prosesinə başlanılıb.
"Report" xəbər verir ki, hazırda Avropa İqtisadi Zonasına daxil olan ölkələrin 24-ü, ümumilikdə isə 36 ölkə həmin sazişləri imzalayaraq bir nüsxəsini İSB-yə, digərini isə Bürolar Şurasına göndərib. İSB "Yaşıl Kart"ların rəsmiləşdirilməsi məqsədilə 3 formada blanklar hazırlayıb. Birinci növ blanklar "Yaşıl Kart" sisteminə daxil olan bütün ölkələr, ikinci növ - Türkiyə və İran, üçüncüsü isə Rusiya, Ukrayna, Belarus və Moldova üçün nəzərdə tutulub.
Qonşu ölkələrdən İran və Türkiyə ilə Azərbaycan arasında ikitərəfli sazişlərin qüvvəyə minmə tarixi müəyyən olduğu üçün "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar 2016-cı il yanvarın 1-dən etibarən yalnız Türkiyə və İrana münasibətdə Azərbaycan Yaşıl Kartlarını rəsmiləşdirə biləcək.
İSB-nin Avropa İqtisadi Zonasına daxil olan ölkələrlə bağladığı sazişlərin qüvvəyə minmə tarixi isə Bürolar Şurasının qərarına əsasən 2016-ci il fevralın 18-dən sonra bildiriləcək.