​"VTB Group" Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir

​"VTB Group" Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir Faktorinq yerli istehsalçılara Rusiya idxalçıları ilə ödəniş möhləti şərti ilə işləməyə imkan verəcək
Maliyyə
22 Sentyabr , 2015 14:01
​VTB Group Azərbaycanda beynəlxalq faktorinqi tətbiq edir

Bakı. 22 sentyabr. REPORT.AZ/ Rusiyanın "VTB Bank" və "VTB Factoring"in nümayəndələri Bakıya səfər edib və "Bank VTB (Azerbaijan)"la birgə yerli istehsalçı şirkətlərin rəhbərləri ilə görüşüblər.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, görüşlərin məqsədi "VTB Group" daxilində ixrac faktorinqi xidmətlərini biznesə tanıtmaq olub. İxrac faktorinqi debitor borcu məbləğində təchizatçını maliyyələşdirməyə imkan verir ki, bu da Rusiyanın iri ticarət şəbəkələri ilə yerli biznesin inkişafına təkan verəcək.

Faktorinqin istifadəsi Azərbaycan istehsalçılarına Rusiya idxalçıları ilə ödəniş möhləti şərti ilə işləməyə və məhsul üzrə ödənişin mal göndərilən günü həyata keçirilməsinə imkan verir. Bu halda debitor borcun qaytarılmaması riskləri bütövlükdə "VTB Group"un üzərinə düşür.

“Faktorinq nəinki əlavə alıcı cəlb etməyə kömək edən yaxşı kommersiya alətidir, eləcə də kassa kəsirinin qarşısını almaq, borcun qaytarılmaması riskini azaltmaq və ya tamamilə öz üzərindən qaldırmaq üçün effektiv üsuldur", - deyə "Bank VTB (Azerbaijan)"ın korporativ biznesin sənədli əməliyyatlar şöbəsinin rəisi Aynur Ələsgərzadə bildirib.

Bir sıra Azərbaycan şirkətləri faktorinqin istifadəsinə maraq göstərib. Bunlar arasında qida, o cümlədən kolbasa və süd məhsullarının istehsalçıları var.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank 14 filial və baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub

"VTB Factoring" MMC isə "VTB Bank"ın törəmə şirkətidir və 2009-cü ildən faktorinq xidmətləri göstərir. Şirkətin coğrafiyası Rusiyanın 18 iri şəhərini əhatə edir, "IFGroup" beynəlxalq faktorin birliyi və Faktorinq Şirkətləri Assosiyasiyasının üzvüdür.

Son xəbərlər

Orphus sistemi