"VTB Azerbaijan" korporativ müştərilər üçün fərdi təkliflər hazırlayır

"VTB Azerbaijan" korporativ müştərilər üçün fərdi təkliflər hazırlayır Yuri Yakovlev: "Əminəm ki, birlikdə bu vəziyyətdən çıxacağıq"
Maliyyə
3 Fevral , 2016 13:33
VTB Azerbaijan korporativ müştərilər üçün fərdi təkliflər hazırlayır

Bakı. 3 fevral. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC-nin "Müştəriyə dəstək" güzəşt proqramı üzrə banka hər gün 100-ə yaxın müraciət daxil olur. "Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

“Proqrama əsasən, kredit müştərilərimizə hazırkı vəziyyətdə onların ödəniş qabiliyyətini nəzərə alan şərtlər təklif edirik. Fərdi yanaşma hesabına proqram hər bir müştəriyə kredit ödənişini daha asan şəkildə həyata keçirməyə imkan yaradır”, - deyə Y.Yakovlev qeyd edib.

Qeyd edək ki, güzəşt proqramının şərtlərinə əsasən, Bank müştəriləri iki kateqoriyaya bölüb: iş yerini və əsas gəlir mənbəyini itirən və indiki vəziyyətdə gəlirləri xeyli azalan müştərilər.

"İş yerini və əsas gəlir mənbəyini itirənlər üçün proqram 6 ay müddətinə aylıq ödənişin əhəmiyyətli şəkildə azaldılmasını nəzərdə tutur. Bu müddət ərzində “Avtokredit” və “Girovlu istehlak krediti” olan müştərilər aylıq ödənişlərinin cəmi 10%-ni, “Nağd kredit” məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15%-ni ödəyəcək. Beləliklə, kreditin məbləğindən asılı olaraq aylıq ödəniş hətta 15-20 manat təşkil edə bilər ki, bu da hər kəsin ödəyə biləcəyi məbləğdir", - deyə məlumatda bildirilir.

Proqram çərçivəsində gəlirləri azalan müştərilərə Bank aylıq ödənişin bir il müddətinə azaldılmasını təklif edir. Nəticədə, aylıq ödənişlər dollar kreditləri üçün 50%-ə qədər, manat və rublda olan kreditlər üçün 30%-dək azaldıla bilər. Bu, proqram iştirakçılarına devalvasiyadan əvvəl ödədikləri məbləğdən daha az ödəniş etməyə imkan verəcək. Bundan əlavə, gecikməsiz ödəniş edən müştərilər üçün 12 ayın yekununda Bank, kreditin faiz dərəcəsini 25% azaltmağa hazırdır.

“Bununla da biz, ödənişdə çətinliklərlə üzləşən müştərilər üçün müxtəlif sərfəli şərtlər təklif edirik. Aylıq ödənişlərin azaldılması, kredit müddətinin uzadılması, faiz dərəcələrində əhəmiyyətli dərəcədə güzəştə gedilməsi kimi təkliflərimiz müştərilərin devalvasiya nəticəsindəki itkilərini kompensasiya etməyə imkan verir. Fikrimcə, ödəniş edə bilməyən müştəri yoxdur. Maliyyə çətinlikləri ilə qarşılaşan müştərilər və ödəniş etmək istəməyən müştərilər var. Ödəniş etmək niyyətində olan, lakin müəyyən çətinliklərlə rastlaşan dürüst müştərilər üçün Bank əhəmiyyətli güzəştlərə gedir və onlar üçün uyğun olan şərait yaradır. Ödəniş etmək istəməyənlər isə nəinki Bankı, eləcə də borcunu ödəməyə imkan tapan öz yaxınlarını, dostlarını aldadır”, - deyə Bankın sədri qeyd edib.

Y.Yakovlevin sözlərinə görə, "Bank VTB (Azerbaijan)" nəinki pərakəndə, həmçinin korporativ müştərilərə kömək etmək niyyətindədir. Korporativ müştərilər üçün fərdi təkliflər hazırlanır. “Əminəm ki, biz birlikdə bu vəziyyətdən çıxacağıq. Bir müddətdən sonra daha asan olacaq, biznes də, əhali də inflyasiya şokunun nəticələrini geridə qoyacaq”.

Qeyd edək ki, "Bank VTB (Azerbaijan)" ASC "VTB Bank" ASC-nin törəmə bankıdır. Bankın səhmdarları "VTB Bank" və “AtaHolding” ASC-dir. "Bank VTB (Azerbaijan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün Bank bazarda 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

"Müştəriyə dəstək" proqramı üzrə məbləğ və müştərilərin sayı barədə məlumat

AZN USD RUB
Məbləğ (AZN) Müştərilərin sayı Məbləğ (AZN) Müştərilərin sayı Məbləğ (AZN) Müştərilərin sayı
665 573 90 8 289 894 831 175 560 36

Son xəbərlər

Orphus sistemi