Vergilər Nazirliyinin bu il tətbiq etdiyi maliyyə sanksiyalarının məbləği dəfələrlə azalıb

Vergilər Nazirliyinin bu il tətbiq etdiyi maliyyə sanksiyalarının məbləği dəfələrlə azalıb Bu ilin yanvar-may ayları ərzində 2 509 səyyar vergi yoxlaması başa çatıb
Maliyyə
8 İyun , 2016 10:54
Vergilər Nazirliyinin bu il tətbiq etdiyi maliyyə sanksiyalarının məbləği dəfələrlə azalıb

Bakı. 8 iyun. REPORT.AZ/ Vergilər Nazirliyi 2016-cı ilin 5 ayı ərzində Azərbaycanda 2 509 səyyar vergi yoxlaması keçirib.

“Report” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi Auditi və operativ vergi nəzarəti idarəsinin rəisi Toğrul Quliyev “Vergilər” qəzetinə verdiyi müsahibədə qeyd edib.

O qeyd edib ki, ötən ilin oktyabr ayının 1-nə olan tarixə səyyar vergi yoxlaması üzrə açılmış qərarların sayı 4704 olduğu halda, 2016-cı ilin iyunun 1-i tarixinə onların sayı 2034 olub ki, bu da səyyar vergi yoxlaması qərarlarının sayının təxminən 2,3 dəfə azalması deməkdir.

İdarə rəisinin sözlərinə görə, 2016-cı ilin yanvar-may ayları ərzində 2 509 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 219 ədəd və ya 46,9% az olub: “Ötən ilin yanvar-may ayları ərzində 36 066 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 38190 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövrü üzrə 4 242 vergi ödəyicisi üzrə vergi nəzarəti tədbiri keçirilərək 4 743 akt tərtib edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri ilə əhatə olunmuş vergi ödəyicilərinin sayının 8,5 dəfə azalması deməkdir”.

T.Quliyev, həmçinin maliyyə sanksiyalarının da həcminin dəfələrlə azaldığını deyib: “Operativ vergi nəzarəti tədbirləri zamanı keçən ilin yanvar-may aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği 10 mln. 963,6 min manat olduğu halda, bu ilin cari dövrü ərzində bu göstərici cəmi 387,3 min manat təşkil edib. Operativ vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış 1 835 hal üzrə vergi ödəyicilərinin vergi qanunvericiliyinin pozulması halları üzrə məsuliyyətdən imtina qərarları çıxarılıb ki, bu da həmin vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmamasına imkan verib”. 

Son xəbərlər

Orphus sistemi