​Vergilər Nazirliyi 5 mindən çox qanun pozuntusu aşkar edib

​Vergilər Nazirliyi 5 mindən çox qanun pozuntusu aşkar edib Nazirlik aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görüldüyünü açıqlayıb
Maliyyə
3 Mart , 2015 19:21
​Vergilər Nazirliyi 5 mindən çox qanun pozuntusu aşkar edib

Bakı. 3 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5 375 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, 1 035 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 167 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 701 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Bununla yanaşı, 223 vergi ödəyicisi tərəfindən 591 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 231 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 65 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Qeyd olunan faktlar əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə aparılan monitorinqlər zamanı aşkar edilib.

Nazirlik aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görüldüyünü açıqlayıb.

Son xəbərlər

Orphus sistemi