​Vergilər naziri Fazil Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

​Vergilər naziri Fazil Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib
Maliyyə
5 Mart , 2016 16:42
​Vergilər naziri Fazil Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 5 mart. REPORT.AZ/ Vergilər naziri Fazil Məmmədov İsrailin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Dan Stavı qəbul edib. Azərbaycanda multikultural və tolerant mühitin dərin tarixi köklərə malik olduğunu vurğulayan nazir Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsinin təsadüfi olmadığını bildirib. Vergilər naziri Azərbaycanda dini tolerantlığın hökm sürdüyünü qeyd edərək, ölkədə yaşayan müxtəlif xalqların, o cümlədən yəhudi xalqının multikulturalizmin yaratdığı dəyərlərdən bəhrələndiyini deyib.

Bu barədə “Report”a Vergilər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazir Azərbaycanda reallaşdırılan vergi islahatları, vergi inzibatçılığı və informasiya texnologiyalarının tətbiqi, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, elektron hökumət quruculuğu və elektron hökumətdən mobil hökumətə keçidlə bağlı Vergilər Nazirliyi tərəfindən aparılan işlər barədə danışıb.

Görüşdən məmnunluğunu ifadə edən D.Stav ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini, son illər ərzində qarşılıqlı olaraq yüksək səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkil olunduğunu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün diplomatik fəaliyyəti dövründə səylə çalışacağını bildirib.

İqtisadi və digər sahələrdə partnyorluğun daha da genişləndirilməsini qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu deyən D.Stav səfir kimi fəaliyyəti dövründə ikitərəfli və beynəlxalq əməkdaşlıq çərçivəsində münasibətlərin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. Ölkələr arasında sərmayə qoyuluşu və investisiyaların təşviqi ilə bağlı yeni imkanların açıldığını bildirən səfir son zamanlar bu sahədə qanunvericilikdə mühüm dəyişikliklərin olduğunu diqqətə çatdırıb.

Görüşdə ölkələr arasında iqtisadi, enerji, yüksək texnologiyalar, kənd təsərrüfatı, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi