"Unicapital" dövlət istiqrazlarının hərraclarında anderrayter olacaq

"Unicapital" dövlət istiqrazlarının hərraclarında anderrayter olacaq Şirkət bu işi cari ilin sonunadək həyata keçirəcək
Maliyyə
8 Fevral , 2016 17:05
Unicapital dövlət istiqrazlarının hərraclarında anderrayter olacaq

Bakı. 8 fevral. REPORT.AZ/ “Unicapital" investisiya şirkəti Maliyyə Nazirliyinin yeni dövlət istiqrazları emissiyasının yerləşdirilməsi prosesində anderrayter qismində çıxış edəcək. Bu barədə "Report"a "Unibank"ın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Maliyyə Nazirliyi ümumi həcmi 500 mln. ABŞ dolları və 400 mln. manat məbləğində dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərraclar keçirəcək. Bütün bu hərraclarda anderrayter qismində “Unicapital" şirkəti iştirak edəcək. 

Artıq dövlət istiqrazlarının bu emissiya üzrə ilk hərracı fevralın 5-də keçirilib. Bakı Fond Birjasında hərraca çıxarılan manat və dollarda olan dövlət istiqrazları "Unicapital" tərəfindən yerləşdirilib. Şirkət qiymətli dövlət kağızlarının yerləşdirilməsi üzrə eyni vaxtda 4 istiqamətdə xidmət göstərib.

Bu xidmətlər müxtəlif ödəmə müddətinə malik həm manat, həm də dollarda olan dövlət istiqrazlarının yerləşdirilməsini nəzərdə tutur. Ümumi həcmi 12 mln. dollar olan 1 və 2 illik dövlət istiqrazları müvafiq olaraq 2,77% və 3,02%, ümumi həcmi 20 mln. manat məbləğində 6 aylıq və 1 illik dövlət istiqrazları müvafiq olaraq 7,79% və 8,80% gəlirlilik dərəcəsi ilə yerləşdirilib.

Qeyd edək ki, nizamnamə kapitalı 100% "Unibank"a məxsus olan “Unicapital" investisiya şirkəti qiymətli kağızlar bazarında mövqeyini daha da gücləndirmək niyyətindədir. Qiymətli kağızlar bazarının uzun illər iştirakçısı olan şirkət hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Hazırda "Unicapital"ın nizamnamə kapitalı 300 min manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi