"Unibank" müştərilərinin məzənnə itkilərini öz üzərinə götürüb

"Unibank" müştərilərinin məzənnə itkilərini öz üzərinə götürüb Son iki gündə aparılan kredit ödənişləri üzrə mümkün itkiləri bank öz üzərinə götürüb
Maliyyə
21 Dekabr , 2015 18:07
Unibank müştərilərinin məzənnə itkilərini öz üzərinə götürüb

Bakı. 21 dekabr. REPORT.AZ/ "Unibank" ASC-də dollarda olan kredit borclarını həftə sonu - dekabrın 19-20-də bütün ödəniş məntəqələrində (bankın ödəniş terminalları, "MilliÖn", "E-manat" terminalları, "Azərpoçt", onlayn) və digər kanallarla ödəyən müştərilərin məzənnə itkilərini bank öz üzərinə götürüb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, qeyd olunan günlərdə olan ödənişlər dolların "Unibank"da olan köhnə məzənnəsi ilə (1,07 AZN/USD) hesablanacaq.

Bundan başqa, "Unibank" manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi nəticəsində plastik kart sahiblərinin məruz qala biləcəyi itkiləri də öz üzərinə götürməyə qərar verib. Bu məqsədlə hesabı Azərbaycan manatında olan və dekabrın 21-də yeni valyuta məzənnələri elan olunanadək xarici valyutada aparılan əməliyyat məbləğləri hesablardan silinərkən dekabrın 18-də qüvvədə olmuş məzənnə əsas götürüləcək. Bu qərar bankın həm kredit, həm də debit kartlarına şamil edilir.

Ödəniş kartları ilə mövcud hesablaşma qaydalarına əsasən, tranzaksiya anında ilk növbədə əməliyyatın məbləğinin bloklanması (dondurulması) baş verir. Kart hesabının valyutası ilə əməliyyatın valyutası fərqləndikdə bu proses həmin ana qüvvədə olan məzənnə əsasında aparılır. Vəsaitin hesabdan silinməsi isə faktiki olaraq 30 gün ərzində baş verə bilir. Bu zaman vəsait müştərinin hesabından cari günün məzənnəsi ilə silinib, beynəlxalq ödəniş sistemlərinə köçürülür. Yerli valyutanın xarici valyutalar qarşısında ucuzlaşması zamanı bloklanmış məbləğə nisbətən daha çox məbləğ silinə bilər ki, bu hal müştərilərlə bağlanan “Ödəniş kartlarına xidmət göstərilməsi”nə dair razılaşmada müştərinin riski kimi dəyərləndirilir.

Son xəbərlər

Orphus sistemi