Bakı. 1 iyul. REPORT.AZ/ "Turanbank" ASC-nin səhmdarı olan fiziki şəxslərin sayı 21-dən 20-yə enib. "Report" Banka istinadən xəbər verir ki, bu il iyunun 10-da Bakı Fond Birjasında (BFB) "Turanbank"ın səhmlərinin alqı-satqısı üzrə 6 əqd bağlanıb. Təkrar bazarda hər birinin nominal dəyəri 1 082 manat olan 111 səhm (120 102 manatlıq) əldə edilib. Səhmləri alan və satan tərəflər açıqlanmayıb.
Hazırda "Turanbank"ın nizamnamə kapitalı 50,003 mln. manatdır. Bankın səhmlərinin 29,2%-i 6 hüquqi şəxsə, 70,8%-i isə 20 fiziki şəxsə məxsusdur.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin ötən ilin mayında qəbul etdiyi qərarla “Turanbank”ın səhmləri standard bazar seqmentində listinqə daxil edilib. Ticarətə Bankın 46 213 səhmi buraxılıb.