​Strasburqda çirkli pulların yuyulması məsələsi müzakirə olunub

​Strasburqda çirkli pulların yuyulması məsələsi müzakirə olunub Azərbaycanla bağlı hesabat layihəsi dekabrda müzakirəyə çıxarılacaq
Maliyyə
8 Oktyabr , 2014 13:06
​Strasburqda çirkli pulların yuyulması məsələsi müzakirə olunub
Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Strasburqda (Fransa) MONEYVAL-ın qiymətləndirmə hesabatının ilkin müzakirəsi keçirilib. Bu barədə “Report”a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.

Strasburqda Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin IV raund qiymətləndirilməsi üzrə hesabat layihəsinin ilkin müzakirəsi təşkil edilib. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Müzakirə çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndirmə missiyası arasında ölkədə PY/TMM sahəsində mövcud situasiya, Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərin və əldə edilmiş inkişafların hesabatda obyektiv şəkildə əks olunması istiqamətində intensiv danışıqlar aparılıb və əsaslandırılmış faktlar təqdim edilib.

Keçirilmiş müzakirələrin nəticəsi olaraq Azərbaycan nümayəndə heyətinin arqumentləşdirilmiş qeydləri nəzərə alınmaqla hesabat layihəsinin MONEYVAL-ın cari ilin dekabr ayında baş tutacaq növbəti plenar iclası zamanı müzakirəyə çıxarılması barədə razılıq əldə edilib.

MONEYVAL üzv ölkələrdə yerli PY/TMM sisteminin beynəlxalq tələblərə uyğunluğunun dövrü olaraq qiymətləndirilməsini həyata keçirir və bu məqsədlə təşkilatın qiymətləndirmə missiyası 2014-cü il fevralın 17-22-də Bakıda səfərdə olub.

Son xəbərlər

Orphus sistemi